Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanının tarixi dəyişdirildi
Bağçalarda çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin tarixi dəyişdirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Belə ki, bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək.
Məlumata görə, test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir.
İmtahanın keçirilmə tarixi və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.
Bununla yanaşı, iştirakçıların imtahana hazırlığının dəstəklənməsi məqsədilə növbəti günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunur.

