Pərviz Şahbazov “Zhero” şirkətinin idarəedici direktoru Michele Vadora ilə görüşüb

Bakıda “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov “Zhero” şirkətinin idarəedici direktoru Michele Vadora ilə görüşüb.

Energetika Nazirliyindən bildiriblər ki, görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafında şirkətin mümkün iştirakı, layihənin kommersiya modelinin formalaşdırılması, Avropada elektrik enerjisi alıcılarının cəlbi və maliyyələşdirmə imkanları müzakirə olunub.

Şirkət tərəfindən irimiqyaslı enerji infrastrukturu və ölkələrarası elektrik bağlantıları üzrə təcrübə, o cümlədən Şimali Afrika ilə İtaliyanı birləşdirəcək “Medlink” layihələri barədə məlumat verilib. Elektrik enerjisinin uzunmüddətli satın alınması üzrə alıcı portfelinin formalaşdırılması, Avropa bazarlarına çıxış və kabel istehsalçıları ilə əməkdaşlıq sahəsində təcrübənin “Yaşıl Enerji Dəhlizi”nə tətbiqi imkanları təqdim edilib. “Zhero”nun layihənin inkişafı üzrə tərəfdaşlıqda maraqlı olduğu bildirilib.

Müzakirələr zamanı Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusunun yaratdığı imkanlar, tədqiqat və mühəndislik işlərinə maliyyə dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzi Avropaya çatdırılacaq yaşıl enerjinin qonşu bazarlara, o cümlədən Almaniyanın cənub bölgələrinə tədarükü və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.