Sabiq məhkəmə sədri güllələnib

Tovuzda sabiq məhkəmə sədri güllələnib.

Rayonun Qədirli kənd sakini 56 yaşlı Firudin Ələkbərova fəaliyyət göstərdiyi hüquq məsləhətxanasının ofisində həmyerlisi, 60 yaşlı Əli Şəmiyev odlu silahdan bir neçə dəfə atəş açıb. Firudin Ələkbərov bir neçə güllə yarası ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Güllələnən Firudin Ələkbərov Tovuz rayon Məhkəməsinin sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanun pozuntusuna görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

 

Firudin Ələkbərovu güllələyən Əli Şəmiyev rayonda "Göl Əli" ləqəbi ilə tanınan iri biznesmendir. Məlumata görə, cinayətin motivi Firudin Ələkbərovun "Göl Əli"nin Tovuzun magistral su xəttinin mühafizə zonasında tikilmiş otel-istirahət kompleksi barədə dəfələrlə müxtəlif orqanlara şikayətlər yazmasıdır.

 

Fakt ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.