Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının mərkəzində gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsində, Böyükşor qovşağının və metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalinin müraciətləri nəzərə alınaraq “Koroğlu” HUB bu il əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

Dövlətimizin başçısının tapşırığına əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə ən yüksək şərait yaradılacaq.

İnsanların rahatlığına xidmət edən Mərkəzin əsas özəlliklərindən biri də ərazidəki istirahət parkıdır. Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik verir.

Bu park dövlətimizin başçısının təşəbbüsü ilə yaradılıb. Nəqliyyat Mübadilə Mərkəzi ilə tanışlıq zamanı Prezident İlham Əliyev deyib: “İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”.