Çuxuryurd gölünü zibilliyə çevirən bələdiyyə sədri cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şamaxı rayonundakı Çuxuryurd gölünün zibilliyə çevrilməsi ilə bağlı məsələyə münasibət bildirib.

ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, təbiətimizə öz evimiz kimi yanaşmağın vaxtıdır:

“Gəlin, əvvəlcə müəyyənləşdirək, bu əraziyə tullantıları atan kimlərdir? Əlbəttə ki, gölün ətrafında yaşayanlar. Qəribə olan da budur ki, sakinlər özləri özlərindən şikayət edir. Düzdür, bu əraziyə cavabdeh bələdiyyə tullantıların idarə edilməsində tam olaraq heç bir iş görməyib və ona görə də cərimələnəcək. 

 
Amma gəlin, görək cərimə ilə iş bitirmi? Əmin edirəm ki, cərimədən bir neçə ay sonra orada yenə də eyni mənzərə ilə üzləşəcəyik. Çünki belə hallar təcrübədə dəfələrlə təkrarlanır. Ətrafı çirkləndirən, zibili hara gəldi atan özümüzük, qohumlarımız, qonşularımızdır. Evimizin içindəki zibili çıxarıb, evimizdən kənara atırıq, sonra da şikayət edirik. Deməli, sakinlər özləri nəsə etməlidir.

Görəsən, niyə kənd sakinləri, qonşular, ağsaqqallar zibil atanlara qarşı çıxmır və onlar qınanmır? Yəqin ki, bələdiyyə sədri də eyni kənddə yaşayır və bu mənzərədən xəbərdardır. Nə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimə etməlidir, göstəriş verməlidir? Təbiətimizə öz evimiz kimi yanaşmağın vaxtıdır. Yenə də ümidimiz var ki, nəticə əldə olunacaq və ərazi bir daha çirkləndirilməyəcək”.

İ.İbrahimova qeyd edib ki, hazırda qurumun əməkdaşları sözügedən ərazidədir və oranın təmizlənib əvvəlki vəziyyətə gətirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib:

“Həmin yer tullantılardan təmizlənir. Əraziyə cavabdeh Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin sədri Sultanpaşa Məlikov barəsində akt və protokol tərtib olunub. O, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib.

Bundan sonra tullantıların düzgün idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib” .