Bakının islahatları İrəvanda həyəcan yaradır – Millət vəkili

Prezident İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirədə qeyd elədi ki, onun islahatlar siyasətində elə iqtidarın öz daxilində də mane olmaq istəyənlər var və onlar şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Ölkə başçısı söylədi ki, bir çox hallarda dəyişikliklər və islahatlar onların şəxsi mənafeyinə toxunur. Prezident öz qətiyyətli və prinsipial mövqeyini də bildirdi ki, kimlər bu yoldan dönməyəcək, Azərbaycanın sürətli inkişafına, islahatlara mane olmaq istəyəcək, onlar vəzifədən çıxarılacaqlar. Amma kimlər ki müasir, sürətlə inkişaf edən, dəyişən Azərbaycanı qurmaq siyasətinə sadiqlik nümayiş etdirəcək, bu siyasəti təkcə sözdə yox, konkret əməlində dəstəkləyəcək, onda biz birlikdə bu yolu gedəcəyik.

Bu sözləri Axar.az-a açıqlamasında YAP-çı millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Prezidentin bu fikirlərinin Baş nazirin müavinlərinin vəzifədən alınma səbəbi kimi göstərilməsi yanlışdır:

“Prezidentin Baş nazirin vəzifədən azad edilən müavinləri – Hacıbala Abutalıbov və Əli Həsənovu qəbul etməsi və onların fəaliyyətinə verdiyi qiymət bu şəxslərin yalnız yaş amilinə görə, həm də öz istəkləri ilə vəzifədən çıxarıldıqlarını bir daha təsdiqlədi. İndiki reallıqlarda yeni çağırışlar, yeni iqtisadi tələblər var. Bu baxımdan gənclərə yol açmaq lazımdır. Bu nöqteyi-nəzərdən Baş nazirin sabiq müavinləri iqtisadi islahatlara mane olan tərəf kimi qəbul edilməməlidir. Cənab Prezident onlardan razı qaldığını ifadə elədi”.

Millət vəkili aparılan islahatların beynəlxalq səviyyədə Azərbaycanın imicinə də müsbət təsir göstərəcəyini bildirib:

“Dövlət başçısının keçirdiyi struktur islahatları kadr dəyişikliyi ilə müşahidə olunur. Prinsip etibarilə bu islahatlar Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərəcək. Azərbaycan Prezidentinin qəbul etdiyi uzunmüddətli strategiya Davos İqtisadi Forumunda da yüksək qiymətləndirilib. Dünya görür ki, Azərbaycan dəyişir, yenilənir, Azərbaycanın yeni hədəfləri var. Davos Forumu Azərbaycanı 20 ən islahatçı ölkə sırasında göstərir. Dünya Bankı, beynəlxalq reytinq təşkilatları da Azərbaycandakı yenilikləri izləyir. Bunlar çox vacib məsələlərdir. Hətta Ermənistanın özündə bu islahtlar narahatlıq doğrurub. Azərbaycanın dayanıqlı mövqeyini, qeyri-neft sektorunun inkişafını, iqtisadi mövqelərimizi daha da gücləndirməyə xidmət edən islahatları görəndə ermənilər nigaran olurlar. Onlar düşünürlər ki, bundan sonra qarşılarında dünənkindən daha güclü Azərbaycan olacaq”.