ANAMA ay ərzində 809 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA 2019-cu ilin oktyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  bildirilib ki, 2019-cu ilin oktyabr ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 1 527 171 m² (152,72 ha) ərazi yoxlanılmış, 809 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina (cəmi: 814 ədəd) və 208 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 539 334 723 m² (53 933,47 ha) ərazi təmizlənmiş, 805 664 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Oktyabr ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 6 (altı), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 21 (iyirmi bir), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç) və Rayon Polis şöbələrindən (RPŞ) - 3 (üç) müraciət daxil olmuşdur (cəmi: 33 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 12 480 kv.m ərazi yoxlanılmış, 25 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 29 ədəd) və 208 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.