Şəki sakininin evində 4 kiloqramdan çox narkotik aşkarlanıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, polis əməkdaşları şəhər sakini, 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.