Azər Şükürov: Qarabağ probleminin həllində cəmiyyətdə heç bir fikir müxtəlifliyi ola bilməz

“ Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı  Azərbaycan cəmiyyətində ciddi bir hərəkətlilik yaratmaqla yanaşı, dünya miqyasında da erməni millətçilərinin Qarabağ iddialarına tutarlı cavab oldu”.  Bu fikirləri saytımıza “Yer və İnsan” jurnalının təsisçisi Azər Şükürov bildirib. Azər Şükürov qeyd edib ki,  cənab Prezidentin bu bəyanatından sonra bütün Azərbaycandan - şəhər və qəsəbələrdən, ən ucqar kəndlərdən belə Prezidentin səsinə səs verildi, xalq Prezidentlə həmrəy olduğunu və Azərbaycan xalqının öz doğma torpaqlarından bir qarış da olsun güzəştə getməyəcəyi fikrinə heç bir alternativin olmadığını daha qətiyyətlə bildirdi. Cənab Prezidentin ən yüksək kürsülərdən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi bu bəyanat Qarabağ məsələsinin Azərbaycan xalqı üçün şərəf məsələsi olduğunu, tarixi ədalət – Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana, qaçqın və məcburi köçkünlərimiz öz dogma yurd-yuvalarına qayıtmayana qədər bu mübarizədən bir addım belə geri çəkilməyəcəyimizin ən ciddi şəkildə ifadəsi idi. Bu gün hər bir Azərbaycan vətəndaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ölkə prezidentini dəstəkləyir və vətənimizin ərazi bütövlüyünün bərpası üçün Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır. Bu gün Azərbaycanın silahlı qüvvələri nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmindədir. Azər Şükürov bildirib ki, xalq Prezidentlə birliyini, həmrəyliyini  daha əzmlə, qətiyyətlə göstərdi və bildirdi ki, Qarabağ probleminin həllində cəmiyyətdə heç bir fikir müxtəlifliyi ola bilməz.

Biz də “Yer və İnsan” elmi nəzəri jurnalının və http://yerveinsan.az/ informasiya portalının kollektivi olaraq cənab Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını dəstəkləyirik və jurnalımızın 03/11/2019-cu il nömrəsinin üz qabığını cənab Prezidentimizin bu bəyanatına həsr edirik. Bəli, "Qarabağ Azərbaycandır və nida işarəsi”.