DSX-nin rəisi və Hərbi prokuror “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev DSX-nin Sərhəd Qoşunlarının Ermənistan ilə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-nin mətbuat mərkəzindən  bildiriblər ki, səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurumlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şəraitinə baxış keçirilib.

Elçin Quliyev və Xanlar Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olublar. Hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib.