Azərbaycanın geoloji ictimaiyyətinə ağır itki üz vermişdir

14 noyabr 2019-cu il tarixində Respublikamızın adlı-sanlı geoloqlarından biri – İsrafil Şirin oğlu Məmmədov ömrünün 64-cü ilində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. İ.Məmmədov 1956-cı ildə Azərbaycan Respublikasının Şəki rayonunun Çay Qaraqoyunlu kəndində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinində “faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” kursu üzrə təhsil almış və mühəndis-geoloq ixtisasına yiyələnmişdir.

İ.Məmmədov 1978-ci ildə təyinatla Azərbaycan Geologiya İdarəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasına göndərilmiş və məşhur Filizçay kolçedan-polimetal yatağında əmək fəaliyyətinə başlamışdır. O, 2006-cı ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında texnik geoloqdan ən böyük partiya rəisliyinədək vəzifələrdə müvəffəqiyyətlə çalışmışdır.

2006-cı ildə İ.Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə geoloji şöbə rəisi təyin olunmuş, bir il sonra isə baş geoloq vəzifəsində çalışmışdır.

2008-ci ildə İ.Məmmədov yeni yaradılmış “NORM” MMC-yə geoloji şöbə rəisi vəzifəsinə dəvət olunmuş və ömrünün sonunadək bu möhtəşəm Şirkətlə bağlı olmuşdur.

İ.Məmmədovun Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının aşkarlanması, öyrənilməsi və qiymətləndirilməsində böyük xidmətləri olmuşdur. Onun bilavasitə iştirakı və təşkilatçılığı ilə Böyük Qafqazın Cənub yamaclarında bir sira nadir və nəcib metal təzahürləri, yanacaq-energetika xammalı və qeyri-metal yataqları aşkar olunmuşdur. O bir sıra sanballı geoloji hesabatların və 30-a yaxın elmi məqalənin müəllifi idi.

“NORM” MMC-də də onun fəaliyyəti çox məhsuldar və səmərəli olmuşdur. Bu gün ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən məşhur “NORM” sement zavodunun əsasını qoyanlardan biri idi, - mərhum İsrafil Məmmədov!

Əziz dostumuz və həmkarımız İsrafil Məmmədovun parlaq xatirəsi qəlqimizdə daim yaşayacaqdıq.

Allah rəhmət eləsin!

 

“YER və İNSAN” jurnalının kollektivi