Deputat Cavanşir Feyziyevlə geniş müsahibə: Zaman Ermənistanın ziyanına işləyir

Millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, fəlsəfə doktoru cənab Cavanşir Feyziyevlə müsahibəmizdə Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının bəzi cəhətləri, Avroparlamentdə yaradılmış “Azərbaycanın dostları” klubunun fəaliyyəti, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ probleminin nizamlanması və digər məsələlərə toxunduq.

- Cavanşir müəllim,  Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf trayektoriyasını necə xarakterizə edirsiniz və bu münasibətləri hərəkə gətirən hansı amilləri önə çəkərdiniz?

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk təmas qurulan ölkələrdən biri də Böyük Britaniya olmuşdu. Bu da təsadüfi deyil. Hələ Sovet İttifaqından əvvəlki dövrlərdə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Böyük Britaniya Qafqazda maraqları olduğunu gizlətmirdi, regionda öz qoşunlarını saxlayırdı və bəzi hallarda hətta Azərbaycan Xalq Cümhuriyyətinə dəstək də verirdi. Müstəqilliyimiz bərpa olunduqdan sonra Böyük Britaniya yenidən Azərbaycana maraq nümayiş etdirdi, onun müstəqilliyini tanıdı və ölkəmizlə sıx iqtisadi əməkdaşlıq qurmaqda maraqlı olduğunu bir daha göstərdi. Müstəqilliyin ilk illərində BP şirkəti ölkəmizə böyük həcmdə sərmayə yatırmaqla ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal rol oynadı. Hazırda Azərbayan Respublikası BP şirkətinin post-sovet ərazisində ən çox sərmayə yatırdığı ölkədir. Sonrakı illərdə bu əməkdaşlıq daha da genişləndi, iqtisadiyyatın bütün sahələri üzrə şaxələndi və hazırda Böyük Britaniya Azərbaycana ən böyük sərmayə yatıran ölkələr sırasındadır. Keçən dövr ərzində siyasi, mədəni-humanitar, elm-təhsil sahəsində əməkdaşlığın da dairəsi genişlənmiş və daha yüksək keyfiyyət göstəriciləri əldə etmişdir. Yüzlərlə gəncimiz Böyük Britaniyanın adlı-sanlı universitetlərində təhsil almış, Azərbaycanda ingilis dilinin tədris dairəsi genişlənmiş və tədris keyfiyyəti xeyli yüksəlmiş, bank, maliyyə, sığorta, səhiyyə sistemində bu ölkədən gələn know-how bilikləri tətbiq olunmuş və bu proses daim dərinləşməkdədir. Siyasi sahədə əməkdaşlığımız da qənaətbəxşdir, belə ki, Böyük Britaniya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və eləcə də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyir.

-    Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri kimi cari ili Bakı və Brüsselin müansibətlərinin inkişafı baxımından necə səciyyələndirirsiniz?

Avropa İttifaqı ilə əməkdaşlığımız müstəqilliyimizin ilk illərindən başlayıb, 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunub və bu fakt ölkəmizin Avropa İttifaqı strukturları ilə inteqrasiyasına təkan verib. Hal-hazırda Avropa İttifaqının çoxsaylı qurumları ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlıq bağlantıları var, o cümlədən 2009-cu ildən etibarən Milli Məclis də Avropa Parlamenti ilə hər iki parlamentin üzvlərindən təşkil olunmuş Parlament Əməkdaşlıq Komitəsi vasitəsilə əməkdaşlıq edir. Bu illər ərzində əməkdaşlığımız bir sıra sınaqlardan keçib, hətta 2015-ci ildə Avropa Parlamentində ölkəmizə qarşı ədalətsiz qətnamə qəbul olunması ilə əlaqədar Milli Məclis bu əməkdaşlığı birtərəfli qaydada dayandırmışdı. Lakin 2016-cı ildə AP-dən ölkəmizə səfər edən böyük bir nümayəndə heyəti qəbul olunmuş qətnamənin qeyri-obyektivliyini etiraf etmiş və əməkdaşlıqda maraqlı olduğunu bildirmişdi. Nəticədə 2017-ci ilin əvvəllərindən etibarən Parlament Əməkdaşlıq Komitəsi öz işini bərpa edib və bu gün də uğurla davam etdirir. Bu əlaqələrin dərinləşməsi və hər iki tərəf üçün faydalı məcraya istiqamətlənməsi prezident İlham Əliyevin apardığı düşünülmüş, qətiyyətli siyasətin nəticəsində mümkün olmuşdur.

-  Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında hansı istiqamətləri daha vacib hesab  edirsiniz?

Əməkdaşlığımızın bu günkü mənzərəsi onu göstərir ki, həm Avropa İttifaqı Azərbaycan üçün, həm də Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşlardır. Əlbəttə, bir sıra məsələlərdə Azərbaycanın Avropa ilə münasibətlərində daha səmimi və daha etibarlı olduğunu görməmək mümkün deyil. Azərbaycan bütün Avropa ölkələri ilə ikitərəfli münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində qurmağa çalışır və buna da nail olur. Hazırda Avropanın 10-dan çox ölkəsi ilə strateji tərəfdaşlıq haqqında ikitərəfli anlaşmamız var. Azərbaycanın irəli sürdüyü bir çox qlobal əhəmiyyətli iqtisadi layihələr bilavasitə Avropa ilə əməkdaşlığa hesablanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Kars və Cənub Qaz Dəhlizi layihələri əslində bütün mənalarda Avropanı Asiya ilə çox yaxınlaşdırıb. Bu yaxınlaşmalar Şərqlə Qərb arasında siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin intensivləşməsində və bütövlükdə bütün Avrasiya miqyasında əməkdaşlığın dərinləşməsində öz əksini tapır və öz faydasını verir. Ona görə belə düşünürəm ki, Azərbaycan-Avropa əməkdaşlığı sadəcə iki tərəfin əməkdaşlığı demək edyil, bu həm də qlobal mənada Qərb-Şərq əməkdaşlığını özündə ehtiva edir. Bu baxımdan, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın qlobal əməkdaşlıq proseslərinin vacib bir həlqəsi olduğunu görürük və bu əməkdaşlığın mümkün olan bütün  istiqamətlərdə dərinləşdirilməsini vacib hesab edirəm.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hələlik yalnız ABŞ, Rusiya və Fransa fəal rol oynayırlar. Yaxın gələcəkdə bu münaqişənin tənzimlənməsində Avropa Birliyi və Böyük Britaniyanın əhəmiyyətli rol oynaya biləyəcəyinə ümid edə bilərikmi?

ATƏT Avropa Birliyinin struktur vahidi kimi bilavasitə bu münaqişənin tənzimlənməsi ilə məşğul olur. Amma təəssüflə qeyd etməliyik ki, danışıqların davam etdiyi bütün dövr ərzində ATƏT bu münaqişənin həlli üçün hələlik heç bir praktiki addım atmayıb. ABŞ, Fransa və Rusiyanın fəal rol oynadığını da birmənalı demək mümkün deyil, əksinə bu ölkələrin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında maraqlı olmadıqlarını, ən azı passiv mövqe tutduqlarını müşahidə edirik. Böyük Britaniya Minsk Qrupunun həmsədri olmasa da, onun üzvüdür və həmişə bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bəyan edib. Münaqişənin tənzimlənməsi ilə əlaqədar müxtəlif formatlarda aparılan fəaliyyətlərdə vaxtaşırı Böyük Britaniya təmsilçiləri də iştirak edir. Məsələn, Avropa Şurasında Böyük Britaniyanı təmsil edən Terri Devis vaxtilə bu münaqişə ilə bağlı ən obyektiv hesabat hazırlamış siyasətçilərdən biridir.

Doğrudur, Ermənistan təcavüzkarlığı ucbatından danışıqların aparıldığı 25 il ərzində heç bir əməli nəticə əldə olunmayıb, amma zaman Ermənistanın ziyanına işləyir. Münaqişə uzandıqca Ermənistanın özünü daha çox təcrid etməsini və nəticədə ölkənin daha dərin iqtisadi-sosial və siyasi böhrana yuvarlandığını görürük. Bu vəziyyət Ermənistanı məhvə doğru aparır. Azərbaycan prezidenti mövcud status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edib və münaqişənin tənzimlənməsi ilə bilavasitə məşğul olan bütün tərəflər bu mövqeyi dəstəkləyir. Ermənistanın apardığı qeyri-konstruktiv siyasət tənzimləməni danışıqlar müstəvisindən döyüş meydanına keçirə bilər və o zaman işğal altında olan bütün ərazilərimizin son qarışınadək azad olunacağına heç bir şübhə yoxdur. Ermənistanın bu həqiqəti dərk etməsi məsələnin tez bir zamanda sülh yolu ilə həllinə kömək edə bilər.

-     Bir neçə il öncə qondarma “erməni soyqırımı”nı tanıyan Avropa Parlamentində Ermənistan-Azərbaycan münasibətlərini gündəliyə çıxararaq, müzakirə edəcək platforma kimi baxmaq mümkündürmü?

Nəinki mümkündür, hətta zəruridir. Uydurma soyqırımının müxtəlif parlamentlər tərəfindən tanınması heç bir hüquqi öhdəlik yaratmır və aydın məsələdir ki, bu tanınma müxtəlif ölkələrdə müxtəlif maraqlara əsaslanan siyasi aktdır. Avropa Parlamentinin bütün məsələlərdə obyektiv olduğunu nə biz, nə də avropalıların özü iddia edir. Buna baxmayaraq, ölkəmizə və milli maraqlarımıza qarşı müxtəlif təxribatların baş tuta biləcəyi bir platformanı boş qoymaq qətiyyən olmaz. Üstəlik, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının məhz  ATƏT çərçivəsində axtarıldığını nəzərə alsaq, bu zərurət daha da aktuallaşır.  Bu müzakirələr nə qədər qeyri-obyektiv, qeyri-konstruktiv, qərəzli, birtərəfli olsa belə, biz bu qurumların işində daha fəal iştirak etməklə, daim öz həqiqətlərimizi və mövqeyimizi müdafiə etməliyik. Bu belə də baş verir və bu günədək danışıqların aparıldığı bütün meydanlarda Azərbaycan öz mövqeyini qorumağa nail olub. Cənab prezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç zaman müzakirə predmeti olmayıb və ola da bilməz. Bu mövqeyi əsaslandırmaq və qoruyub saxlamaq üçün biz bütün platformalarda, o cümlədən Avropa İttifaqı çərçivəsində aparılan bütün müzakirələrdə iştirak etməli və gec-tez ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına nail olmalıyıq. 

-     Bir təcavüzkar dövlət kimi Ermənistana qarşı beynəlxalq təşkilatların sanksiya tətbiq edə biləcəyini mümkün sayırsınızmı?

Əlbəttə. Belə nümunələr də mövcuddur. 1991-ci ildə Küveytin İraq tərəfindən işğalı zamanı, 90-cı illərdə Balkanlarda baş verən etnik təmizləmə və işğal cəhdləri zamanı, eləcə də məlum Krım hadisələri zamanı müvafiq sanksiyaların qoyulduğunu və hətta sərt şəkildə bu hadisələrin qarşısının alındığını da görmüşük. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə isə bu təbii gözləntilər özünü doğrultmadı. Yüz il ərzində dünya miqyasında təşkilatlanmış erməni lobbi təşkilatlarının aqressiv fəaliyyəti nəticəsində Ermənistan möcüzəvi şəkildə belə sanksiyalardan yayına bildi. Dünyanın aparıcı dövlətlərinin, o cümlədən Avropanın bu münaqişəyə ikili standartlar əsasında yanaşması da işğal faktının uzanmasına səbəb oldu. Amma həqiqəti həmişəlik gizlətmək mümkün deyil. Artıq Avropa və dünya miqyaslı beynəlxalq təşkilatların çoxu tərəfindən torpaqlarımızın işğal olunduğu və məhz Ermənistan tərəfindən işğal olunduğu faktı rəsmən təsdiqlənib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri də Ermənistanın işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb edir. Zaman keçdikcə guya tarixən “genosidə”, “milli ayrı-seçkiliyə”, hər cür “sıxıntılara” məruz qalmış “əzabkeş erməni” obrazı ətrafında yaradılmış mif dağılmağa başlayır. Əminəm ki, sonda beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiyalar tətbiq etməsələr belə, Azərbaycan özünü müdafiə hüquqlarından istifadə etməklə, torpaqlarımızı işğaldan azad edəcək. Bunu həyata keçirmək  üçün kifayət qədər hüquqi, siyasi əsasımız və hərbi potensialımız var. Ən başlıcası, Azərbaycan prezidentinin xalqın iradəsinə və etimadına əsaslanan qətiyyətli mövqeyi var. Gec də olsa həqiqətin öz yerini tapacağına inanıram.

-   Böyük Britaniyanı itirən Avropa İttifaqı Şərqə doğru genişlənmək əzmindədir. Avropa İttifaqının fəaliyyətində yaxın gələcəkdə hansı dəyişiklikləri proqnozlaşdırmaq olar?

Bir sıra analitiklərin, xüsusilə avroskeptiklərin şərhində Böyük Britaniyanın Avropa İttifaqından çıxması Avropa Birliyinin dağılmaq ehtimalı kimi şərh edilir. Hərçənd mən bunun əksini sezirəm. Böyük Britaniyanın çıxması hələlik arxasınca buna oxşar bir dalğanı yaratmaq iqtidarında deyil və çox güman ki, belə bir hadisə baş verməyəcək. Əksinə, Böyük Britaniyada Aİ-dan çıxmaqla bağlı yaşanan təlatümlər digər ölkələrə təcrübi örnək yaradır və nəticədə birliyin daha da möhkəmlənməsinə xidmət edir. Bəzi Avropa ölkələrində ifrat sağçılar tərəfindən Aİ-dan çıxmağa çağırışlar səsləndirilsə də, həmin ölkələrin vətəndaş cəmiyyətləri birlik ideyalarını daha çox dəstəkləyir. Səbəbi də çox sadədir, çünki birlikdə yaşamaq daha asandır. Bu birliyi təşkil edən xalqlar eyni sivilizasiyaya, etnik kök birliyinə, eyni mədəniyyətə və bu ərazidə xalqların rifahının artmasına xidmət edə bilən iqtisadi sinerji potensialına malik olan iqtisadiyyata malikdirlər. Birlik Avropa xalqları üçün vahid siyasi gücə çevrilmək və dünya siyasətinə əhəmiyyətli təsir etmək qabiliyyəti və imkanları yaradır. Qloballaşma dövründə belə bir mövqedən imtina etmək Avropanın beynəlxalq siyasət müstəvisində amorf bir məkana çevrilməsi demək olardı. Bunu dərk edən avropalılar öz səylərini birləşmək və daha da güclənmək istiqamətində birləşdirirlər. Əlbəttə, Avropa İttifaqı daxilində müəyyən ziddiyyətlər və problemlər də var, onlar özləri də bunu etiraf edirlər. Lakin ittifaqın müəyyən islahatlar aparmaqla bu problemlərdən xilas olmaq imkanları da var. Mənə elə gəlir ki, Avropa məhz bu yolu seçəcək.

-    Ötən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu sammitin işində iştirak etdi. Əməkdaşlığın bu formatını necə dəyərləndirirsiniz?

Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqının qonşuluğunda yerləşən , lakin onun üzvü olmayan ölkələrlə Aİ-nın qarşılıqlı münasibətlərini tənzimləmək baxımından olduqca maraqlı bir formatdır. Cənab Prezident ötən ilin noyabrında Aİ-nın Şərq Tərəfdaşlığı sammitində iştirak etdi və bu sammit çərçivəsində keçirilən görüşlər Azərbaycan Respublikası ilə Aİ arasında əməkdaşlığımızın inkişaf etdirilməsinə növbəti dəfə təkan vermiş oldu. Bir neçə ay sonra, iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında  Tərəfdaşlıq prioritetləri imzalandı ki, bu sənəd tərəflər arasında imzalanmaq üçün hazırlanan Hərtərəfli Müqavilənin leytmotivini təşkil edir. Azərbaycan qoşulmama hərəkatının üzvü kimi bütün ölkələrlə zamanın tələblərinə uyğun və müvafiq ölçülər çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq etməklə özünün milli maraqlarına əsaslanan müstəqil siyasət yeritmək əzmindədir. Ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsi, bu münasibətlərin Azərbaycanın maraqlarına uyğun istiqamətdə daim təkmilləşməsi üçün Şərq tərəfdaşlığı Layihəsi faydalı variantlardan biridir və bu format hər iki tərəf üçün maraqlıdır.

-   Cari ilin əvvəllərində Sizin və Avropa Parlamentinin Latviyadan olan üzvü Andrey Mamikinsin təşəbbüsü ilə Avroparlamentdə “Azərbaycanın dostları” qrupu yaradıldı. Bu qrupun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

2016-cı ildə parlamentlərarası əlaqələrimiz bərpa olunduqdan sonra nümayəndə heyətimiz Avropa Parlamentinə çoxsaylı səfərlər edib. Erməni lobbisinin təsiri altında ayrı-ayrı elementlərin ölkəmizə qarşı təxribatçılıq fəaliyyəti aparmasına baxmayaraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və bu mövqeyin müdafiə olunmasına töhfə vermək istəyən avropalı həmkarlarımızın təşəbbüsü ilə keçən il Avropa Parlamentində “Azərbaycanın dostları klubu” təsis edildi. Klub üzvlərinin məqsədi Azərbaycan, onun uğurları və üzləşdiyi problemlər barəsində obyektiv məlumat toplamaq və onu avropalı həmkarlarının diqqətinə çatdırmaqla Azərbaycan qarşı qərəzli və ikili yanaşmalara son qoymaqdır. Sözsüz ki, biz bu təşəbbüsü dəstəklədik və Azərbaycana dost münasibəti göstərən bütün AP üzvləri ilə mütəmadi olaraq görüşməklə Azərbaycan haqqında həqiqətləri onların diqqətinə çatdırdıq və bu iş bu gün də davam etdirilir. “Azərbaycanın dostları klubu” vaxtaşırı olaraq erməni lobbiçiləri tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında təsirli qüvvədir, bu xeyirxah təşəbbüs  artıq öz töhfəsini verməkdədir və biz onların fəaliyyətindən çox razıyıq.

- Cənab Prezidentin sərəncamı ilə 2018-ci il “Cümhuriyyət ili” kimi qeyd olunur. Dövlətçiliyimiz tarixində Azərbaycan Xalq Cümhuriyyəti hansı yeri tutur?

Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik dövlətçilik tariximizdə yeni mərhələnin – respublikaçılığın əsasını qoyub. 1-ci dünya müharibəsinin sonunda, bütün şərqin mövhumat və gerilik girdabında çabaladığı bir zamanda müsəlman dünyasının ilk respublikasını yaratmaq və dünyanın əsas dövlətləri tərəfindən onun tanınmasına nail olmaq doğrudan da xalqımızın şərəf və qürur tarixidir. Cümhuriyyətin xalqımıza gətirdiyi dəyərlər o dövrdə də, indi də bütün dünyanın can atdığı bəşəri dəyərlərdir və babalarımızın bu dəyərləri öz dövlət quruluşu ilə təsbit etmələri həm böyük qəhrəmanlıq, həm də xalqımızın universal dəyərlərə sadiqliyinin ən parlaq örnəyidir. AXC-nin öz vətəndaşlarına bəxş etdiyi azadlıq idealları cəmiyyətin ictimai şüurunda dərin iz buraxdı. Tariximizin sonrakı mərhələsində bu ideallar nə qədər yasaqlansa da, qəlblərdə və şüurlarda yaşadı və 1991-ci ildə yenidən müstəqilliyə qovuşmağımızın ilkin şərti oldu. Ona görə də Aərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın dövlətçilik tarixində dönüş yaratmış möhtəşəm bir hadisə kimi həmişə ehtiramla xatırlanır. Ölkə başçımızın bu ili “Cümhuriyyət ili” elan etməsi və onun sərəncamı əsasında bütün il boyu həm ölkəmizdə, həm də dünyanın bütün paytaxtlarında AXC-yə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi də məhz bu ehtiramın bariz göstəricisidir. 

-  Türk Dünyası Birliyi ideyasının müəlliflərindənsiniz. Qarşıdakı onilliklərdə bu birliyin vahid dünya gücü kimi meydana çıxa biləcəyini gözləmək olarmı?

Türk birliyi ideyası kifayət qədər qədimdir. Hələ 13 əsr bundan əvvəl Orhon-Yeniseydəki daş kitabələrə həkk olunmuş türk birliyi ideyası əsrlər ərzində türk xalqlarının şüurunda böyümüş, cilalanmış və müasir dövrümüzdə özünün ən mükəmməl ideologiyasını ərsəyə gətirmişdir. Tarix boyu birləşib ayrılan türk xalqları Avrasiyanın böyük bir məkanında türk sivilizasiyasını yaratmışlar. Bu sivilizasiya zaman-zaman diferensiasiyalara məruz qalsa da yenidən birləşməyə və öz tamlığını tapmağa nail olub, həmişəyaşarlığını sübut etməyi bacarıb. Son yarım əsrdə dünya miqyasında gedən qloballaşma prosesləri dünya birliyi çərçivəsində yeni siyasi birlik yaratma təşəbbüslərinin meydana gəlməsini şərtləndirir. Avropa Birliyinin yaranması və təşəkkülü bu baxımdan pozitiv örnək sayıla bilər. Minilliklər ərzində çox müxtəlif dövlətlər yaratmış, öz dövlətlərini imperiyalar səviyyəsinə çatdıra bilmiş böyük türklər bu gün də dünyanın siyasi xəritəsində 6 müstəqil dövlətlə təmsil olunmaqla önəmli strateji mövqelərini və vahid gücə çevrilmək potensialını saxlamaqdadırlar. Xüsusilə, post-sovet dönəmində müstəqil türk respublikalarının öz dövlətçilyini bərpa etməsi, daxili sabitliyi bərpa edərək ümumdünya inteqrasiya proseslərinə qoşulmaq üçün hazır olduqları bir zamanda türk birliyi ideyası yenidən aktuallaşmaqdadır. Bu istiqamətdə müəyyən addımlar atılmışdır və əminəm ki, hadisələrin siyasi müttəfiqlik əsasında birliyə doğru inkişaf etməsi vahid platformadan çıxış edə biləcək Türk dövlətləri birliyini müasir tariximizin səhnəsinə gətirə bilər və dövlətlərarası regional birlik statusunda formalaşan bu siyasi institut Avrasiyanın güc mərkəzlərindən birinə çevrilə bilər. Bunun dünya türklərinin ayrı-ayrı etnos kimi yox, vahid sivilizasiya nümunəsi kimi həmişəyaşarlığını təmin edəcək yeganə yol olduğuna inanıram.

-  Elmi cameədə və mətbuatda böyük hadisə kimi qarşılanan və bir sıra dillərə tərcümə edilən “Türk Dünyası Birliyi Qlobal İnteqrasiyanın Avrasiya modeli” monoqrafiyasının və “Türk Dünyası” beşcildliyinin müəllifisiniz. Bu silsilədən yeni kitablarınız olacaqmı?

“Türk Dövlətləri Birliyi: Qlobal İnteqrasiyanın Avrasiya modeli” monoqrafiyası sayca 3-cü kitabımdır və onu uğurlu bir iş hesab edirəm. Sizin də qeyd etdiyiniz kimi, bu kitab son 5 ildə türk, qazax, qırğız, rus, özbək, macar, boşnak dillərinə tərcümə olunub, tezliklə çin və uyğur dillərində də çap olunacaq.  “Türk dünyası” toplusu isə 5 cilldən ibarətdir və hər cild türk dünyasına aid bir mövzunu əhatə edir. Bu istiqamətdə elmi axtarışlarımı davam etdirirəm, düşünürəm ki, yeni bilgilər və faktlar aşkarlandıqca həmin toplunun genişləndirilmiş təkrar buraxılışına ehtiyac yaranacaq. Ümumiyyətlə, bu mövzu məni yeniyetməlik yaşlarımdan etibarən maraqlandırır və bu gün də qəlbimə, ruhuma ən yaxın olan bir mövzudur. Gələcəkdə bu istiqamətdə araşdırmalarımı davam etdirməyi düşünürəm. Hal-hazırda isə Azərbaycan-Avropa münasibətlərini tarixi aspektdə araşdırıram və məqsədim gələn ilin sonunadək bu mövzuda yeni bir kitabımı nəşr etdirməkdir.

- Bu il Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 95 yaşı, Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışının isə 25 illiyi tamam oldu. Bu əlamətdar tarixlərlə bağlı Sizin fikrinizi bilmək maraqlı olardı.

Azərbaycanın elm, sənət və ictimai-siyasi fikir tarixində ta qədimdən zaman-zaman silinməz izlər qoymuş şəxsiyyətlər yetişib. Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dünya miqyaslı ən böyük siyasi xadimdir. O həyatını və fəaliyyətini bütövlükdə mənsub olduğu xalqın inkişafına, millətlər arasında layiqli yer tutmasına həsr etmiş böyük düha, müdrik siyasətçi və fədakar insandır.  Həm 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi, həm 1993-cü ildə bütün xalqın arzusu və tələbi ilə yenidən hakimiyyətə qayıdışı tariximizdə xalqımızın müqəddəratı ilə bağlı taleyüklü dəyişikliklərə səbəb olub. Hələ keçən əsrin 70-ci illərində Sovet İttifaqının geridə qalmış respublikalarından biri olan Azərbaycanın İttifaq səviyyəsində ən yüksək iqtisadi inkişafa nail olmasında və xalqın rifahının yüksəldilməsində Heydər Əliyev nəyə qadir olduğunu göstərə bilmişdi. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra bir tərəfdən, ölkəmizin işğala məruz qaldığı, digər tərəfdən də xarici və daxili destruktiv qüvvələrin təsiri altında dövlətçiliyin məhv olması təhlükəsi ilə üzləşdiyimiz bir sınaq zamanında Heydər Əliyev bir Simurq quşu kimi özünü çatdırdı və heç kimin ata bilməyəcəyi addımları ataraq xalqı ən təhlükəli bəlalardan xilas etdi. ən böyük xidməti Azərbaycan dövlətçiliyiniu qoruyub saxlaya bildi və sonrakı illərdə onu daha da möhkəmləndirərək  böyük uzaqgörənliklə etibarlı əllərə tapşırdı. Heydər Əliyev bu xalqın bu gün ayaq üstə olmasının, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasının səbəbkarıdır. Bütün həyatını öz xalqının azadlığına və firavan bir cəmiyyətə qovuşmasına həsr etmiş belə bir müdrik siyasi xadim bütöv Azərbaycan xalqının milli sərvətidir. Heydər Əliyev obrazı Azərbaycan üçün milli dəyər səviyyəsinə yüksəlmiş bir fenomendir. Milli dəyərlərimizi qorumaq, onları nəsildən-nəsilə ötürmək isə hər bir xalqın, millətin əsas qayəsidir. Ona görə də Heydər Əliyev şəxsiyyətinin böyüklüyü hər zaman uca tutulacaq və onun əziz xatirəsi həmişə böyük ehtiramla yad olunacaq.

Müsahibəni aldı: İsmayıl Qasımov,

Baş redaktor 

Mənbə: "Yer və İnsan" jurnalı

№1/09/2019