Bakıda bu göllər qurudulur - VİDEO

Bakıda hava limanı ərazisində neft tullantıları ilə çirklənmiş göllər qurudulub.

Yerveinsan.az xəbər verir ki, bu barədə ''Xəzər Xəbər''ə Azərbaycan Milli Elimlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

 
Onun sözlərinə görə, Heydər Əliyev adına Beynəlxalq hava Limanı ərazisində neft tullantıları ilə çirklənmiş göl qurudulub, drenaj şəbəkəsinin quraşdırılması hesabına ətraf sulardan əmələ gəlmiş iki gölün səviyyəsi endirilib. İnstitut direktoru deyib ki, aeroporta yaxın ərazilərdə evlər tikildiyindən kanalizasiya suları və yeraltı sular ''Çuxurdərə'' gölündə suyun səviyyəsini qaldırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları orda təqiqat işləri aparıblar.

Əlövsət Quliyev qeyd edib ki, müqavilə əsasında göllərin qurudulması, bəzilərinin isə suyunun səviyyəsini aşağı endirmək üçün layihə əsasında işlər görülüb.

Qeyd edək ki, aeroport ərazisində qurudulan gölün ərazisində ekoloji vəziyyət yaxşılaşdırılıb. Artıq ərazidə yaşıllıqların salınması işləri görülür.

Əlövsət Quliyev əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında bağlanmış müqaviləyə əsasən, Suraxanı rayonu, keçmiş ''Yod-Brom'' zavodu ərazisində neft və neft məhsulları ilə çirklənmiş 43 hektar sahə qurudulub, ərazi tamamilə yaşıllaşdırılıb. Qalan 100 hektar sahənin ekoloji cəhətdən yaxşılaşdırılması üçün hazırlanan təkliflər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.