Nəqliyyatın havaya daha çox qaz qarışıqları buraxdığı ƏRAZİLƏRİN adları açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında keçirilən monitorinq zamanı Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkləndirici qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Bunu jurnalistlərə Departamentin direktoru Ramal Bağırov bildirib.

O qeyd edib ki, əsasən də nəqliyyatın sıx olduğu saatlarda çirkləndirici qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, Sahil, Nərimanov metro stansiyaları, Azneft meydanı, 20 Yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib:

 
“Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindiricidir ki, artıq “BakıBus” şirkəti havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir. Bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır. Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə vermiş olar”.