Rusiyanın şimalında uran yatağını kəşf etmiş Azərbaycan geoloqu

 

Azərbaycan tarixində baş vermiş ən ağrılı və kədərli hadisələrdən biri də ötən əsrin 20-ci illərindən başlayaraq, 30 ilə yaxın davam edən repressiyalar olmuşdur. Bu illərdə digər Sovet Respublikalarında olduğu kimi Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd olan qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq  və zorakılıqlar nəticəsində yüz minlərlə günahsız insan milli özünüdərk və milli dövlətçilik əqidəsinə görə repressiyalara məruz qalmışdır.Əslində bu dəhşətlər, uzun müddət davam etsə də, 30-cu illərdə amansızlığına görə xüsusi ilə seçilmişdir.Bəs bu amansızlıqların, repressiyaların kökü harada idi? Haradan qaynaqlanırdı bunlar?

 Uzun zaman ərzində təbəsi olduğumuz Rusiya İmperiyasında 1917-ci ilin fevral inqilabının insanlara verdiyi "azadlıq, bərabərlik və qardaşlıq" vədi cəmiyyətin bütün təbəqələrində görünməmiş bir ruh yüksəkliyinə səbəb oldu. Hamı cəmiyyətin siyasi və iqtisadi həyatında əsaslı dəyişikliklər gözləyirdi. Lakin, yeni yaradılmış hökumət müharibələrdən əldən düşmüş və ac insanların həyatında müsbət dəyişikliklərə nail ola bilmədi.

 Bolşeviklərin 25 oktyabr 1917-ci ildə təşkil etdiyi silahlı üsyan zamanı məşhur "Avrora" kreyserindən açılan yaylım atəşi Petroqradda İmperator ailəsi yaşayan Qış sarayının ələ keçirilməsinə bir siqnal oldu ki, bu da ucsuz-bucaqsız  İmperiyanın tarixində yeni bir səhifə açdı. Bu tarixdən sonra vətəndaşların şəxsi azadlıq haqlarına yer qalmadı. Artıq 1918-ci ilin bahar-yayında ölkədə ərzaq diktaturası təyin edildi, az sonra isəproletariatın diktaturası bərqərar oldu.

  Kommunist Partiyasının törətdiyi ilk siyasi repressiya qurbanları da məhz, çar sülaləsinin nümayəndələri idi. 1918-ci il iyun ayının 16-dan 17-ə keçən gecə imperator II Nikolayın bütün ailə üzvləri, məhkəmə və istintaqsız uzaq Yekaterinburqda güllələndilər. Elə hər şey dəməhz buradan başladı!

 Ötən əsrin 20-ci illərindən başlayaraq, Azərbaycanda da insanları "əksinqilabçı", "trotskiçi", "casus", “müsavatçı”, "millətçi", "üsyançı" və s. kimi ittihamlarla kütləvi repressiyalara məruz qoydular. Repressiya illərində Azərbaycan ərazisindən 100 mindən artıq ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdilər. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Bu da faktdır ki, əhalinin hər min nəfərə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan digər sovet respublikaları arasında əvvəlinci yerlərdən birini tuturdu.

 Azərbaycanda  1930-1950-ci illərdə repressiya edilənlərin içərisində təkcə 29 min nəfər seçmə ziyalı olmuşdur. 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad və s. kimi görkəmli elm, mədəniyyət və ictimai xadimlər olmuşdur.

30-cu ildə siyasi repressiyaya məruz qalaraq uzaq Sibirə göndərilmiş, yuxarıda  qeyd etdiyimiz siyahıdakı görkəmli insanlarımız  sırasında yer tutmağa layiq olan, fəqət, geniş ictimaiyyətin hələ lazımi səviyyədə tanıya bilmədiyi  şəxsiyyətlərdən biri də  SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyətinin sədr müavini, Almaniyanın ən seçmə akademiyalarından birində təhsil almış, alim -geoloq, hətta uzaq Komidə həbsdə olarkən Barens dənizi sahillərinə yaxın yerdə,o zaman Sovet İttifaqında ən iri uran yataqlarından birini  kəşf etməklə ölkənin nüvə təhlükəsizliyini təmin edənlərdən biri olmuş Cəfər Ələsgər oğlu Kazımovdur. O, 21 dekabr 1896-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdu. Hələ uşaq ikən valideynləri  vəfat etmişdi. Onu böyük qardaşı böyütmüş vəmükəmməl təhsil vermişdi.Bakı real məktəbini 1916-cı ildə   bitirdikdən sonra Moskva Kommersiya İnstitutunda təhsil almışdır.

 Azərbaycan Demokratik Respublikası 1920-ci ilin yanvarında xaricdə təhsil almaq üçün 100 nəfər seçmə tələbə göndərəndə onların arasında Cəfər Kazımov da vardı.  O, ilk öncə Almaniyada Darmştad Texniki Universitetində oxumağa başladı. Qeyd edək ki, bu tədris müəssisəsi 1877-ci ildə Darmştad Texniki Məktəbi  adı ilə yaradılmışdı və  dünyada ilk dəfə elektrotexnika fənni də (1882-ci ildə) məhz, burada tədris olunmuşdu.O, eyni zamanda Avropanın ən tanınmış texniki universitetlərindən sayılır. Bu texniki universitet "bizim görkəmli şəxsiyyətlərimiz və əldə etdiyimiz yeniliklər dünyanı dəyişdirdi" deyərək indi də fəxr edir.

Darmştad Universitetində lazımi texniki savada yiyələndikdən sonra,  Cəfər Kazımov təhsilini dünyanın ən qədim dağ-mədən təhsil müəssisələrindən olan Frayburq Dağ-Mədən Akademiyasında davam etdirir. Qeyd etmək yerinə düşər  ki, məhz, bu akademiyada 2 kimyəvi element indium və germanium kəşf edilmişdir.

Cəfər Kazımov 1925-ci ildə akademiyanı yüksək səviyyədə bitirərək dağ mühəndis geoloqu ixtisasına yiyələndikdən sonra doğma Azərbaycana qayıtmışdı.

Hələ Moskvada Kommersiya İnstitutunda oxuyarkan sosial-demokrat ideyalarına yoluxmuş  C.Kazımov, Almaniyadan vətənə Kommunist Partiyasının mətin üzvü kimi qayıtmışdı. Azərbaycan Kommunist Partiyasının tapşırığı ilə o, əvvəlcə Bakının Suraxanı sahəsində mədən müdirinin müavini, 1927-1930-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunda direktor müavini, eyni zamanda mineralogiya, petroqrafiya və qazma işləri fənnləri üzrə müəllim işləmişdi.

1931-1932-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində Sənaye bölməsinin sədri və Rəyasət heyətinin üzvü olmuşdur.  1932-ci ildə o əvvəlcə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin, 1933-cü ildə isə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyətinin sədr müavini olmuş, bir sıra elmi tədqiqat mərkəzlərinin yaradılmasında yaxından iştirak etmişdir.

1935-ci ildə  Akademiya filialının fəaliyyəti barədə geniş hesabatın məruzəçisi də Cəfər Kazımov olmuşdu.Arxiv sənədlərindən göründüyü kimi  o, geologiya üzrə ciddi elmi tədqiqat işləri aparmış  və "Azərbaycanın yeraltı sərvətləri" adlı monoqrafiya yazmışdı. Lakin bu dəyərli əsər o, həbs olunarkən digər əlyazmaları ilə birgə müsadirə olunmuş və yoxa çıxmışdı. 1937-ci ilin may-iyul aylarında SSRİ-də XVII Beynəlxalq Geoloji Konqres keçirilirdi. C.Kazımov da bacarıqlı elm təşkilatçısı və geologiya sahəsi üzrə görkəmli mütəxəssis olduğu üçün bu forumun Təşkilat Komitəsinə üzv seçilmişdi. Lakin, Konqres başa çatmamış onu həm Təşkilat Komitəsindən, həm də Akademiyada tutduğu vəzifədən uzaqlaşdırdılar. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü nəinki həm alim və dövlət xadimi səlahiyyətlərini, eyni zamanda adi insan hüquqlarını da itirdi. Bununla da, Almaniyadan vətənə qayıdandan sonra 12 il ərzində davam edən qaynar və xoşbəxt həyata son qoyuldu və o, evdə oturaraq nə zaman həbs olunacağını gözləməli oldu. Nəhayət ki, 279gündən sonra (!) - 4 aprel 1938-ci ildə onu həbs etdilər.

 Cəfər Kazımovun böyük qardaşı - Azərbaycan KP MK Rəyasət heyətinin üzvü, Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımovu isə 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələmişdilər. Yeri gəlmişkən, Ağahüseyn Kazımov 1916-cı ildə Kiyev Dövlət Universitetinin Tibb fakultəsini bitirmişdi. I Dünya Müharibəsində həkim kimi iştirak etmişdi. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman ilk Səhiyyə Komissarı olmuşdu.1937-ci ildə tam gücü ilə işləyən repressiya maşını onu da "üyütdü". Sonralar bəraət alandan sonra 1 N:-li Bakı şəhər poliklinikasına A. Kazımovun adı verildi.

Cəfər Kazımovun isə ən əzablı günləri də məhz, həbsdən sonra başladı vəbu 1 il 10 ay 15 gün davam etdi. Maraqlıdır ki, müstəntiqlər onun "xalq düşməni" olmasını sübut edəcək heç bir dəlil tapa bilmirdilər. Azərbaycan Xalq Daxili İşlər Komissarının müşaviri 1940-cı ildə Moskvaya ezam olundu və o dövr üçün görünməmiş dərəcədə uzanan bu işə nəhayət ki, yekun vuruldu. Həmin il yanvarın 26-da "xalq düşməni" Cəfər Kazımava 5 il iş kəsilərək Komi MSSR-ə, Uxta şəhərində yerləşən  Qütb düşərgəsinə göndərildi. O da digər məhbuslar kimi, çox hissəsi bataqlıqlardan ibarət olan ərazilərdə əsasən meşələrin qırılması və  başqa ağır işlərlə məşğul olmuşdu.Hər tərəf buzla, maviyə çalan qarla örtülsə də iş günü 12 saatdan az olmurdu. Belə şəraitdə məhbuslar yorulub əldən düşür, ölümcül vəziyyətdə olurdular. Cəfər Kazımovun milliyyətcə polşalı olan həyat yoldaşı və Bakıda ən hörmətli cərrahlardan biri hesab olunan Mariya xanım ərinə məhbus üçün ən zəruri olan çəkmə, corab, isti paltar və gizli yerdə-çəkmənin dabanında 1000 rubl pul göndərir. Təəssüf ki, Cəfər Kazımov o pulları tapa bilmir..."Xalq düşməni" kimi həbs olunmuş insanların içərisində qayğıkeş və rəhmdilli insanlara tez-tez rast gəlinirdi. Onlardan məşhur bakılı geoloq-alim V.Boqaçev və M.Ağamirov C.Kazımova çox qayğıkeşlik etmiş, mənəvi dayaq olmuşdular.

 O zaman  həbs düşərgələrində alim və mütəxəssislərə qarşı belə bir ssenari tətbiq olunurdu: - əvvəlcə onları ağır və alçaldıcı işlərə cəlb edir, sonra isə "xüsusi rəhmdillik əlaməti" olaraq həbsə qədər məşğul olduqlarına oxşar işə cəlb edirdilər. Nəhayət ki, Cəfər Kazımova da beləcə "mərhəmət" göstərildi və onu Uxta Kombinatının Mərkəzi elmi-tədqiqat laboratoriyasında elmi əməkdaş keçirdilər və 1945-ci ilin oktyabrınadək orada işlədi. Xoşbəxtlikdən laboratoriya rəisi gənc azərbaycanlı geoloq Rüstəm Vəkilov idi.  Sonralar,  60-70-ci illərdə Azərbaycanda yüksək vəzifə tutacaq, əsil-nəcabətli, son dərəcədə ziyalı və ədalətli insan olan  R.Vəkilov yeni işçisinə xüsusi qayğıkeşlik göstərir, onunla səmimi rəftar edirdi.

 1945-ci ilin oktyabrından  Uxtakombinatın Şimalı Timan Ekspedisiyasına R.Vəkilovu rəis təyin etdilər. C.Kazımov bu ekspedisiyanın tərkibində uzunmüddətli geoloji axtarış işlərində 2 dəfə iştirak etdi;-ilk dəfə 14 ay, sonra isə 9 ay. Ekspedisiyanın baş geoloqu A.İvanovun verdiyi xasiyyətnaməyə görə C.Kazımov "Tundra şəraitində özünü işgüzar, bacarıqlı və dözümlü bir işçi kimi göstərib. O, vəzifə borclarını həmişə vicdanla, səliqəli və düzgün icra edib."

1947-ci il C.Kazımov üçün çox uğurlu olur. R.Vəkilovun rəhbərliyi altında ekspedisiya böyük nailiyyət əldə etdi: - Qütbə yaxın yerdə ilk Sovet uranı yatağı tapıldı! Sovet dövlətinin müdafiə qabiliyyətinin yüksəlməsi yolunda bu kəşfin  dəyərio dövr üçün heç bir ölçüyə gəlmirdi. Bu kəşfin əsas müəllifi şübhəsiz ki, haqlı olaraq C.Kazımov hesab  edilirdi.Düşünmək olardı ki, bununla da hər şey yoluna qoyuldu. Böyük  zəhmət və gərgin əmək bahasına qazanılmış bu misilsiz nailiyyət C.Kazımovu ruhlandırdı və o Moskvaya, Sovet rəhbərliyinə müraciət edərək vətənə-Azərbaycana buraxılmasını xahiş etdi. Fəqətmüsbət cavab ala bilmədi.

 Nəhayət, 1948-ci ilin sonlarında SSRİ-nin Barens dənizi sahilində, Tundrada nəhəng ehtiyatlara malik uran yatağının azərbaycanlı fatehinə məzuniyyət götürərək vətənə gəlmək şansı verilir. İlahi, bu möcüzədirmi? "Xalq düşməni kimi Rusiyanın ən ucqarına göndərilən alim,məhbus, vətənə əsil fateh kimi dönür”. Hətta qızı Leylaya Moskvada qol saatı da almaq istəyir. O, necə də sevinir, nəhayət, sevimli qızını, həyat yoldaşı Mariya xanımı və digər yaxınlarını görəcək. Elə bu zaman dəhşətli bir hadisə baş verir.Sibirin kəsici soyuqlarına,  məşəqqətlərlə dolu düşərgə həyatına mətanətlə dözməklə əsil qəhrəmanlıq nümayiş etdirmiş insanın- Cəfər Kazımovun bədəninin sağ tərəfi qəflətən iflic olur ki, bu da onun ömürlük əlil qalmasına səbəb olur.Bu ağır xəbəri onun ömür yoldaşı Mariya xanım Kazımova-Siosinskayaya Cəfər Kazımovun rəisi və yaxın dostuRüstəm Vəkilov məktubunda  ehtiyatla,mənəvi cəhətdən yaralamaqdan ehtiyat edə-edə bildirir. Ağır xəstəolan Cəfər Kazımova nəhayət ki, 1949-cu ildə Azərbaycana qayıtmağa icazə verilir. Onu Uxtadan Bakıya həyat yoldaşı Mariya xanım ümumi vaqonda gətirməli olur. Maraqlıdır ki, köməksiz heç bir addım belə ata bilməyən insana Bakıda yaşamağa belə icazə vermirlər və o, Şamaxıda məskunlaşmağa məcbur olur. Lakin, qayğıkeş və sadiq həyat yoldaşı onu tez-tez gizli olaraq Bakıya gətirirdi. Bəzən, hətta boşboğaz qonşulardan kimsə milisə xəbər verənədək lap aylarla ailəsinin yanında yaşayırdı. O, Bakıya həmişəlik yalnız 1955-ci ildə tam bəraət qazanandan sonra qayıda bildi.

Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun gəlişindən sonra insanlar, “mülayimləşmə” ab-havası  hiss  edən zaman  o, dəfələrlə təmizə çıxarılmaq - tam bəraət qazanmaq üçün müraciət etdi və nəhayət,  partiya sıralarına da bərpa olundu. Fəqət, acı olsa da artıq onun fəal həyat yaşamaq şansı sıfıra enmişdi.

 Bakıda  məşhur cərrah olan Mariya xanım Cəfər Kazımovun fiziki və mənəvi əzablarının yüngülləşməsi naminə əlindən gələni etdi.Xalqımızın görkəmli oğlu Cəfər Ələsgər oğlu Kazımova 1967-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Qırmızı Əmək Bayrağı Ordeni verildi. Bu dövlət təltifi onun  xidmətləri və haqsız olaraq çəkdiyi əzabların müqabilində   qismən də olsa mənəvi təskinlik idi.

 1968-ci ildə Cəfər Kazımov bu amansız dünyaya gözlərini əbədi olaraq yumdu.

  Sözardı:

Artıq nə Sovet İttifaqı var, nə də repressiyalar; bunlar hamısı çox da uzaq olmayan keçmişdə, yaxın  tarixdə  qalıb... Ötən əsrin 30-40-cı illərində SSRİ-də  baş verən siyasi repressiyaların nə qədər insanı qanına qəltan etdiyi, nə qədər ailəni başsız qoyduğu, nə qədər uşağı, ananı və sevimli insanları gözü yaşlı qoyduğu, yüz minlərlə  insanı fiziki və mənəvi cəhətdən şikəst etməsi də  faktdır... Biz bəzən  emosiyaya qapılaraq hər şeyi Mərkəzin, Sovet hökuməti rəhbərliyinin üstünə atırıq, sanki bizdə heç bir günahın sahibi olmayan insanların adlarını bədnam ”NKVD”-nin “qara”siyahılarına saldıranlar, lazım gələndəallahsızcasına onların üzünə duranlar  azmı olmuşdur?Təəssüf ki, bəzən aparılmış repressiyalara haqq qazandıranlar da olur.Ötən tarixi müddət ərzində repressiya olunanların dərc olunmuş xatirələrindən və arxiv materiallarından bəlliolur ki, bu hadisə hər bir vətəndaş üçün, hər bir ailə üçün ağır faciə idi. Amma, nəticədə ən böyük zərbə  vətənə, xalqa,ölkənin genofonduna dəydi.

XX əsrin əvvəllərində mükəmməl təhsil görmüş ziyalı, əsil-nəcabətli ailədə böyümüş və gənc ikən vətənə xidməti ilə fərqlənmişalim- geoloq Cəfər Kazımovun ailəsinin müsibəti həm bizim hər birimizin, həm də bütövlükdə Vətənimizindir. Bu gün biz Azərbaycan vətəndaşları olaraq hərbir vətəndaşımız  üçün Allah qarşısında cavabdehik. Çünki, hər bir dövlətin ən böyük sərvəti intellektual sərvətdir. Bu sərvəti yuxarıda qeyd etdiyimiz dövrdə bizdən aldılar və...məhv etdilər...Həmin dəyərlərin daçıyıcıları bizim namuslu, qeyrətli insanlarımızdır. Və biz bu dəyərləri göz-bəbəyi kimi qorumalı və  elə etməliyik ki, 37-ci ilin faciəsi bir daha təkrar olunmasın.

Ağamahmud Səmədov