Sabirabad Perinatal Mərkəzinin  həkimindən  peşəkarlıq və  insani keyfiyyətlərinə görə razılıq var

Sabirabadlı həkimə Füzuli rayonunun sakini Nəbi Abbasov təşəkkürünü bildirir

Nəbi Abbasov Füzuli rayonunun Kürdmahmudlu kəndində yaşayır. Bu günlərdə övladının həyatı üçün yaranmış təhlükədən sovuşduğu üçün sabirabadlı cərrah-ginekoloq Mehriban Yunisovaya  minnətdarlığını bildirməyi özünə borc bilib. Bildirdiyinə görə qız övladı Raziyə Mətləbova  hamiləlik keçirən zaman narahat olduğundan Füzuli rayon Diaqnostika mərkəzinə  yerləşdiriblər.Ginekoloq həkim müayinədən sonra xəstənin durumu üçün müəyyən qədər təhlükənin olduğunu deyərək ana bətnindəki uşağın vaxtından əvvəl götürülüb, saxlanılması üçün Sabirabad Perinatal Mərkəzinə köçürülməni   daha məqsədəmüvafiq hesab edib.

Dərhal Sabirabad Perinatal Mərkəzinə çatdırılan xəstə operativ olaraq həkim nəzarətinə götürülüb. İlkin halda ananın bətnindəki uşağın yaşamadığı müəyyən edilib. Dayanmadan ananın həyatını xilas etmək həkimlərin qarşısında duran ən əsas vəzifə olub. Bu vəzifənin öhdəsindən isə ginekoloq cərrah Mehriban Yunisova layiqincə gəlib. Zəruri bütün addımlar atılmaqla ananın həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.

Geridə qalan gərgin, həyacanlı anlardan danışan Nəbi Abbasov indi sabirabadlı həkimlərdən yerlə göy qədər razıdır. Qəlbində olduqca böyük minnətdrlıq hissi var. Həm mərkəzin rəhbərliyinə, həm də ginekoloq cərrah  Mehriban Yunisovaya  təşəkkürünü ifadə edir Nəbi Abbasov.

Nəbi Abbasov həkim Mehriban Yunisova haqqında da qısa məlumat verməyi özünə borc bilir. Söhbət zamanı məlum olur ki, Mehriban Yunisova ən yüksək balla Azərbaycan Tibb Universtitetinə qəbul olub. Oranı yüksək qiymətləndirmə ilə bitirib. 14 ildir ki, Sabirabad Perinatal Mərkəzində cərrah ginekoloq kimi fəaliyyət göstərir.

Həkimin yüksək peşəkarlığından danışan Nəbi Abbasov onun əsl insani keyfiyyətlərini də qeyd edir. Deyir ki, həkim xəstəyə sözün əsl mənasında can yandırır. Onun qayğısına qalır.   

Qeyd edək ki, Sabirabad Perinatal Mərkəzi 2010-cu ilin dekabr ayından fəaliyyətə başlayıb. Hamiləliyin patologiyası və qəbulu, fərdi doğuş funksiyalarını həyat keçirən mərkəzdə fəaliyyət göstərən yeni doğulmuşların intensiv terapiya palatası, habelə əməliyyat bloku və laboratoriya bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla təmin olunub.