Bakıdan şimal rayonlarına gizli yollarla sərnişin daşıyan şəxs saxlanılıb

Xızıda karantin qaydalarını pozaraq sərnişin daşıyan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.

Məlum olub ki, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları ölkənin şimal rayonlarına aparacağını vəd edib, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Xızı RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən E.Qurbanov inzibati məsuliyyətə cəlb olunub.