COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən şəxslər həbs olunublar

Polis əməkdaşları ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına hərtərəfli əməl edilməsi istiqamətində ciddi nəzarət tədbirləri həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, bu istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 infeksiyasına yoluxduğunu bildiyi halda özünütəcrid qaydalarına riayət etməyən və bu virusun ətrafdakı şəxslərə də keçməsinə şərait yaradan şəxslər müəyyən olunaraq saxlanılıblar. Belə ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev, Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyənləşdirilib və onlar tutulublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan müalicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Nazirlik xəbərdarlıq edərək bildirir ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.