Ceyhun Bayramov Aİ-nin nümayəndəsini mülki əhaliyə hücumları barədə məlumatlandırıb

4 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Nazirlikdən  verilən məlumata görə, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket atəşinə tutulmasını qeyd edib. Ermənistanın mülki şəxsləri atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı qarşı tərəfə məlumat verən nazir, bu günədək 24 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi, 111 nəfərin isə yaralandığını bildirib. Vurğulanıb ki, bölgədəki gərginliyin tam məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.

C.Borel bölgədə gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib.

C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi vacibdir.