Ermənistan ordusunun gecə saat 04 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə və evə ziyan dəyib

 

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla oktyabrın 8-də saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəymişdir.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərəfindən oktyabrın 8-də tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.