XİN Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığının təfərrüatlarını açıqlayıb

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlikdən  verilən məlumata görə, C.Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlik ilə bağlı məlumat verdi və qarşı tərəfin diqqətinə çatdırdı ki, 14 oktyabr tarixində gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaq üçün hazırlıq vəziyyətinə gətirilmişdi. O, vurğuladı ki, Azərbaycanın Silahlı Qüvvələri özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini qorumaq məqsədilə işğal altında olan Kəlbəcər rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində hərbi legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdi və bununla növbəti insan faciəsinin qarşısını alaraq, çox sayda Azərbaycan mülki şəxslərinin həyatını xilas etdi. Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdi.

Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə etdi. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğuladı.