Prezident İlham Əliyev: Ermənistanın Qarabağdan çəkilməsi təqvimi bizi qane etməlidir

Biz vəziyyəti nəzərə alaraq əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində.

 Prezident İlham Əliyev bunu “Haber Türk” televiziya kanalına müsahibəsində Moskva anlaşması barədə söhbətini davam etdirərkən deyib.

“O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Eyni zamanda, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bunlar, bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim məhz bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Yəni, bu, çox uzunmüddətli proses ola bilməz”, - deyə Azərbaycan Prezidenti əlavə edib.