Erməni-Fransa təxribatı Belçika Senatından sonra Nümayəndələr Palatasında da iflasa uğradı

Dekabrın 17-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.

Dekabrın 11-də Belçika Senatının qəbul etdiyi qətnamə ilə eyni olan bu mətndə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeganə məcburi qüvvəyə malik hüquqi sənəd olmaqla BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad öz əksini tapıb. Nəticədə ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etmiş oldu.

Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə səfər etmiş Georges Dalleman, Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının prezidenti Els Van Hoof, Senatın müvafiq komissiyasının sədri Mark Demesmaeker, Senatda millətçi və separatçı N-VA qrupunun prezidenti Karl VanLuve, o cümlədən “erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover, Darya Safai, Elleyn Samyn kimi qatı ermənipərəst deputatlar həm Senatda, həm də Nümayəndələr Palatasında müxtəlif düzəliş təklifləri ilə məhz bu bəndin çıxarılmasına, sabiq işğalçı rejimin tanınmasına, onunla diplomatik əlaqələrin qurulmasına çalışsa da, öz çirkin niyyətlərinə nail ola bilmədilər. Avropa İttifaqı ölkələri arasında Fransaya ən yaxın sayılan Belçikanın federal hökuməti və parlamentinin öz müttəfiqindən fərqli olaraq, beynəlxalq hüquqa və münaqişə üzrə BMT TŞ qətnamələrinə əsaslanan qərarları rəsmi Parisin ermənipərəst siyasətində yenə də tənha qalmasını nümayiş etdirdi.

Qeyd edək ki, parlamentdəki müzakirələr zamanı Georges Dalleman kimi qatı ermənipərəst deputat “Fransa kimi cəsarətli olmağa, ermənilərin taleyinə biganə qalmamağa” çağırış etsə də, parlamentdə istədiyi dəstəyi almadı.

Eyni zamanda, parlamentin xarici əlaqələr komissiyasındakı müzakirələr zamanı Belçikanın xarici işlər naziri 10 noyabr Bəyanatının uğurla yerinə yetirildiyini bildirib və Belçika daxil olmaqla, hər hansı bir dövlət tərəfindən Dağlıq Qarabağın tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu, münaqişənin həllində beynəlxalq hüquqa əsaslanan nizamın əsas olduğunu vurğulayıb.

Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq süni “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, Fransadan sonra Belçikada çox gözlədikləri “dəstəyi” ala bilməməsi ermənilər və ermənipərəst dairələrdə böyük narazılıq və ruh düşkünlüyünə səbəb oldu.

Beləliklə, münaqişənin həllindən sonra regionda real iqtisadi, siyasi əməkdaşlıq və inkişaf imkanları axtarmaq əvəzinə, ermənilər və erməni diasporunun Qarabağda uydurma “soyqırımı” iddiaları və “tanınma” şüarları ilə özlərinin qisasçı ideologiyasını irəlilətmək cəhdləri, nəticədə, Ermənistanın hazırda mövcud olduğu dalanın daha da içərilərinə yuvarlanmasına, regionda və dünyada daha da təcrid olunmasına səbəb olacaq.

Vüqar Seyidov