Ukraynada azərbaycanlı alimin kitabı işıq üzü görüb

Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri Arif Quliyevin yeni kitabı çapdan çıxıb.

Soydaşımızın “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət və diplomatiya” adlı kitabının IV cildində iki ölkə arasındakı münasibətlərdə yeni hədəflər, hüququn aliliyi, siyasi və diplomatiya sahəsində əldə edilən uğurlardan söhbət açılır. Eyni zamanda, kitabda ermənilərin terrorizm və separatizmə dəstəyi, terror təşkilatlarının fəaliyyəti, Qarabağ münaqişəsinin yaranma tarixi, beynəlxalq təşkilatların bu münaqişənin tənzimlənməsində iştirakı məsələləri öz əksini tapıb.

Müəllif, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasi kursunda, o cümlədən Ukrayna ilə əməkdaşlığında misilsiz xidmətləri, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə barədə geniş təhlil aparıb.

AZƏRTAC