Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 20-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçiriləcək.

DİM-dən  bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanır. Saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edib götürə bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və şagird tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xatırladaq ki, hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100-dür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

İmtahan 45 dəqiqə müddətində aparılır.

İmtahanda ümumilikdə 17987 (Bakıda 11844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim cəlb edilib, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.