Xüsusi ekspress marşrut avtobusları fəaliyyətə başlayıb

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar xüsusi ekspress marşrut avtobusları fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, qurum tərəfindən hazırlanan nəqliyyat planının icrasına başlanılıb. Plana uyğun olaraq bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri üzrə cəlb edilən avtobuslar artıq daşımalara hazırdır. Səhər saatlarından daşımalarda iştirak edən sürücülər tibbi müayinədən keçirilib.

Məlumat üçün bildiririk ki, X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.