Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu boyunca torpaq işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dğvlət Agentliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri görülür.

Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. İnşa edilən yolun hərəkət hissəsinin eni 14 metr, çiyinlər isə 2x1,5 metr təşkil edəcək. Həmçinin tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir:

"Yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su ötürücü, həmçinin yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində olmaqla 6 yeni avtomobil körpüsü inşa edilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Bununla yanaşı tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də aparılır".

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası da artıq bitmək üzrədir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Qeyd edək ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, FüzuliCəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.