Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüurunun, intellektual və mədəni potensialının göstəricisi idi

AMEA-nın Radiasiya Problemləri İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev Müstəqillik Gününün tarixi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

Daha sonra çıxış edən institutun icraçı direktoru, müəssisənin Qadınlar Şurası və YAP ərazi partiya təşkilatının sədri fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, 1918-ci il mayın 28-də qəbul olunmuş “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi idi.

Tədbirdə çıxış edənlər müstəqilliyimizin əbədi və dönməz, vətənimizin hər qarış torpağının müqəddəs olduğunu, uğura aparan yolda hər addımın gələcək inkişafdan xəbər verdiyini bildiriblər.