208 müəllim müraciətini təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi üzrə bugünədək 208 müəllim qarşılıqlı razılığa gələrək iş yerini dəyişmək üçün müraciətini təsdiq edib.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, yaxın günlərdə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar namizədlərin şəxsi kabinetinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün ümumilikdə 2 mindən artıq müəllim elektron qeydiyyatdan keçib. Müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında, iş yerini qarşılıqlı razılaşdırma yolu ilə dəyişdirmək imkanı verir. Sistemin rahatlığı və funksionallığı ondan ibarətdir ki, qeydiyyatdan keçən namizədlər öz fənn və bölmələrinə uyğun olaraq ölkə üzrə bütün aktiv elanları görə, onlardan istəklərinə uyğun olanı seçərək qarşılıqlı yerdəyişmə etmək imkanına sahib ola bilərlər.