Su ehtiyatlarının dayanıqlı idarə olunması ilə ətraf mühit problemlərini həll etmək mümkündür

Su ehtiyatları bütün canlılar üçüm vacib resursdur. Əhali təmiz su mənbələrindən çox asılıdır. Su ehtiyatlarının təmin edilməsi mümkün olmasa və hamının ona əlçatanlığını təmin edə bilməsək, gələcəkdə dünya əhalisini ciddi problemlər və bəşəri çağırışlar gözləyə bilər. Su ehtiyatlarının çatışmazlığı demək olar ki, bütün ölkələrdə müşahidə olunur. Odur ki, genişmiqyaslı tədbirlər görülməlidir ki, hər kəsin suya əlçatanlığı təmin edilsin.

Bunu “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda Zəngilanda keçirilən beynəlxalq konfransda çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın şirin su ehtiyatlarının 70 faizdən çoxu ölkə hüdudlarından kənarda formalaşır. Bütün bunlara baxmayaraq, Azərbaycan, eyni zamanda, transsərhəd su mənbələrinin qeyri-düzgün idarəolunması və çirkləndirilməsi problemi ilə üzləşib: "Ermənistanda mis-molibden sənaye təsərrüfatlarının tullantılarının çaylara axıdılması nəticəsində transsərhəd çaylar çirkləndirilir. Azərbaycan qarşı tərəfi buna son qoymağa çağırır. Transsərhəd çayların çirkləndirilməsi bölgənin ətraf mühitinə zərər vursa da, beynəlxalq təşkilatlar təəssüf ki, bu problemə hələ də reaksiya verməyiblər".

Nazir “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin - bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib: "Su ehtiyatlarının dayanıqlı şəkildə idarə olunması ilə çoxsaylı ətraf mühit problemlərini həll etmək mümkündür. Ekologiya və ətraf mühit sərhəd tanımır. Yalnız beynəlxalq və regional səviyyədə görülən tədbirlərlə hiss olunan nəticələr əldə etmək mümkündür".//Azərtac