Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır

Azərbaycanda avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Axşama doğru əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.