Rəsmi Tehran Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib
İran yaxın qonşuları arasındakı münaqişənin sülh və mehriban qonşuluq prinsipləri əsasında həll olunmasını istəyir.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib. O, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə toxunaraq bildirib ki, rəsmi Tehran regiondakı böhranın tez bir zamanda siyasi yollarla həll olunmasını və gərginliyin aradan qaldırılmasını istəyir.
N.Kənani nəzərə çatdırıb ki, İran tərəflər arasında danışıqların başlaması və sərhəd probleminin həll olunmasını arzulayır. Onun fikrincə, yaranan gərginlik regionun iqtisadi inkişafına maneə törədir.
İran rəsmisi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə də münasibət bildirərək qeyd edib ki, “gərginliyi qızışdırmaq heç bir region dövlətinin maraqlarına xidmət etmir. Münaqişənin davam etməsinin region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük. Regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu, İranın prinsipial mövqeyidir”. (AZƏRTAC)

