Azərbaycan XİN: Ermənistanın danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir

Ermənistan revanşizm mövqeyi sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri tam icra etmir, silahlı birləşmələrinin qalıqlarını hələ də bölgədən çıxarmayaraq və ərazidə yeni minalar basdırmaqla təhlükəsizliyə ciddi hədə yaradır. Həmçinin bölgədə kommunikasiyaların açılışı üçün demək olar ki, heç bir praktiki addım atmır, hərbi təxribatlarını davam etdirir və beləliklə də normallaşma cəhdlərinə ciddi xələl gətirir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanatında yer alıb.

“Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır. Biz, Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Ermənistanın nəhayət ki, danışıqlarda imitasiyaya son verib, real, konstruktiv addımlar atması gərəkdir. Bölgənin sülh şəraitində inkişafının başqa alternativi mövcud deyil”,- deyə bəyanatda bildirilib.