Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlikdən verilən məlumata görə, nazirlər, bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.