Səməd Vurğun adına Kiyev şəhər Kitabxanasına Azərbaycan haqqında kitablar göndərildi

 

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Səməd Vurğun adına Kiyev şəhər Kütləvi Kitabxanası ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır, birgə tədbirlər keçirir.

Kiyev şəhərində yaşayan soydaşlarımızın və kitabxananın müraciətlərini nəzərə alaraq, Səməd Vurğun adına Kiyev şəhər kitabxanasına Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən müxtəlif mövzuları əhatə edən 100-ə yaxın kitab göndərildi. Bunların arasında ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində gördüyü işlər haqqında toplular, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri haqqında nəfis şəkildə nəşr olunmuş kitablar, ensiklopediyalar, uşaq ədəbiyyatı, Azərbaycan ədəbiyyatının klassikləri Nizami, Nəsimi, Füzulinin, müasir Azərbaycan yazıçılarının əsərləri və s. kitablar vardır.

Kitablar Yasamal rayon İcra Hamiyyətinin maliyyə dəstəyi ilə Ukraynaya göndərilmişdir. Yaxın vaxtlarda kitablar Kiyev şəhər kitabxanasının oxucularına təqdim olunacaq.