Delimitasiya üzrə komissiyaların üçüncü görüşü yaxın zamanlarda keçiriləcək - XİN

Delimitasiya üzrə komissiyaların üçüncü görüşü yaxın zamanlarda keçiriləcək

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün Astanada keçirilən üçtərəfli görüşdə bildirilib.

Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.

Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd edilib.