“AzerGold” QSC-də 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş fotosərgi təşkil olunub (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş fotosərgi təşkil olunub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin arxiv fotolarının sərgiləndiyi tədbirdə “AzerGold” QSC və onun törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbərliyi və kollektivi iştirak edib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 20 Yanvar faciəsinin ölkəmizin müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, həmin gün yaşanan qanlı hadisələrin xalqımızın azadlıq uğrunda mübarizliyini təcəssüm etdirdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdiyimiz illərdə bu haqsızlığa etiraz edən xalqımızı susdurmaq üçün törədilən qanlı faciənin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu bildirib.

Həmçinin qeyd edilib ki, Sovet hakimiyyətinin bu qanunsuz əməlinə ilk olaraq Ümummilli Lider Heydər Əliyev etirazını bildirilib. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında sərt şəkildə tənqid edib. Ümummilli Lider 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra isə 1990-cı ilin Qanlı Yanvar faciəsi tam olaraq öz siyasi-hüquqi qiymətini alıb.

Z.İbrahimovun sözlərinə görə, yerli və beynəlxalq ictimaiyyətin hadisələrdən xəbərsiz qalması üçün yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılıb, şəhər həm də informasiya blokadasına alınıb. Bununla təcavüzkarlar törətdikləri hərbi cinayəti gizlətməyə çalışsalar da, mətbuat işçilərinin fədakarlığı sayəsində dünya yanvarın 20-də törədilmiş dəhşətli qırğından xəbərdar olub. Həmin media mənsubları sırasında indiki Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotojurnalistləri də var idi. Onlar öz həyatlarına təhlükəyə ataraq, hadisələrin cərəyan etdiyi ən qaynar nöqtələrdən fotolar çəkməklə əsl həqiqətləri dünya ictimaiyyətinə faktlarla çatdırmağa nail olublar.

Daha sonra tədbir iştirakçıları həmin hadisələr zamanı çəkilmiş fotolardan hazırlanmış fotosərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan arxiv fotoları barədə sərgi iştirakçılarına ətraflı məlumat verilib, bəzi fotoların geniş auditoriya üçün ilk dəfə nümayiş olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, sərgi 23 yanvar tarixinədək davam edəcək.