Şuşa və Ağdama müntəzəm avtobus marşrutunun təşkilindən bir il ötür

Hər iki şəhəri ziyarət edənlərin sayı 21 mini keçib

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas strateji məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövcud infrastruktur nəzərə alınmaqla ötən il yanvarın 24-də Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları istifadəyə verdi. Artıq bir ildir ki, vətəndaşlarımız Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı, Bərdə-Ağdam-Bərdə istiqamətlərində səfər edə bilirlər.

AYNA-dan bildirilib ki, bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şuşa və Ağdama təşkil edilən ilk səfərin birinci ildönümü ilə əlaqədar sərnişinlərlə səfər öncəsi görüş keçirilib. Sərnişinlər bu əlamətdar hadisə münasibətilə təbrik edilib, onlara “Azərpoçt” MMC-nin nəşr etdirdiyi “Zəfər Günü” adlı poçt bloku hədiyyə olunub. “Şuşa şəhid övladlarının gözü ilə” mövzusunda hazırlanmış poçt blokuna daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsmləri əksini tapıb.

AYNA-nın İdarə heyəti sədrinin müavini Heydər Rüstəmov bildirib ki, Qarabağda şəhər və kəndlər salınır, yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir. İşğaldan azad edilmiş bölgələrimizdə iri layihələr reallaşdırılır və tezliklə vətəndaşlarımız yenidən öz doğma ocaqlarına qayıdacaqlar. AYNA-nın həmin bölgəyə təşkil etdiyi avtobus reysləri ilə gedən sərnişinlər qədim yurd yerlərimizi, şanlı qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilirlər.

Müntəzəm avtobus marşrutları ilə bu günə qədər ümumilikdə 506 reys uğurla həyata keçirilib, 21 min 15 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib. Şuşaya 17 min 21 sərnişin səfər edib. Onlardan 11 min 905 nəfər Bakı-Şuşa-Bakı, 5116 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib. Ağdama isə ümumilikdə 3994 sərnişin səfər edib. Onlardan 2013 nəfər Bakı-Ağdam-Bakı, 1981 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.