Prezident İlham Əliyevin bəyanatı - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin
bəyanatı
 

- Hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Cənab Baş nazir qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır.

Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı. Cənab Baş nazir xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.

Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.

Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.

Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi - bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Bununla paralel olaraq, təhsil sahəsində çox yaxşı nəticələr var. Mən cənab Baş nazirə fürsətdən istifadə edərək təşəkkürümü bildirmək istəyirəm ki, 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış təqaüd - tələbə təqaüdləri ilə Macarıstanda oxuyurlar. Bu, əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir.

Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.

Yəni, bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Hörmətli cənab Baş nazir, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Sağ olun.