İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır - DTX

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Yerveinsan.az-ın DTX-nin saytına istinadən məlumatına görə, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

"İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur", - açıqlamada deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.