Polisin saxlanma məntəqəsində inzibati həbs çəkən şəxs ölüb

İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilən şəxs vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 1988-ci il il təvəllüdlü əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) və İXM-in müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunan Aslan Məmmədov narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib.

Bildirilib ki, bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb: "Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib".

Faktla bağlı araşdırma aparılır.