Gursululuq dövründə Kür çayının suyunda artım ola bilər

Kür çayının vəziyyətini öyrənmək üçün gürcüstanlı həmkarlarımızla paralel işləyirik. Onlar da qarölçmə işlərini həyata keçirirlər. Martın sonunda nəticələri əldə etdikdən sonra Kür çayının Qıraqkəsəmən məntəqəsi üzrə Gürcüstandan daxil olan suyu qiymətləndirəcəyik. Gursululuq dövründə, yəni aprel-may-iyun aylarında çayda su digər fəsillərlə müqayisədə çox olur. Ümumi artım ola bilər, lakin artımın miqdarını qarölçmə işlərindən sonra biləcəyik.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

R.Verdiyev bildirib ki, Kürlə bağlı əsas məlumatlar Gürcüstandan alınacaq.

“Yaz mövsümündə düşən yağıntıların Kürün suyuna 30-40 faiz təsiri olur. Yaz dövründə düşən yağıntılar nə qədər çox olarsa, Kürdə su bir o qədər çox olacaq. Martın sonuna kimi həm qarölçmənin nəticələrini əldə edəndən sonra, həmçinin düşən yağıntılar və proqnozlara əsasən çaylarda artımın olub-olmayacağını söyləyə biləcəyik”, - deyə R.Verdiyev qeyd edib.