Bakıda restoranda musiqiyə görə öldürülən şəxs DSX-nin əməkdaşı olub

Bakıda restoranda musiqiyə görə öldürülən şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olub.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, mart ayının 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib.

Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Qeyd edək ki, martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.