“AÇIQ ETİRAF ETMƏLİYƏM Kİ”:  - ...  KEÇMİŞ DİPLOMAT, AZƏRBAYCANLI ALİM ARIF QULIYEV

Həmsöhbətim Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun  Beynəlxalq Hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi, diplomat Arif Quliyevdir. Vətəndən  uzaqda yaşayan soydaşlarımızın əldə etdiyi uğurların şahidi olduqca,  bizim necə savadlı, dünyagörüşlü, xüsusilə elmli şəxsiyyətlərimizin olduğunu dərk etmək çətin deyil. Xüsusilə, yad ölkədə, yad dildə elmi fəaliyyətlə məşğul olmaq insandan böyük iradə və əzm tələb edir.

Arif Quliyev Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, "Ukrayna Azərbaycanlılarının Elmi Şurası" və "Xalq Diplomatiyası İnstitutu" ictimai təşkilatının idarə heyətinin rəhbəri, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının həmtəsisçisi, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədr müavinidir.  Arif Quliyev 2013-cü ildə  Ukrayna Prezidentinin fərmanı ilə  "Ukraynanın Əməkdar təhsil işçisi" fəxri adına  layiq görülüb. 2016-cı ildə Azərbaycan Respublikası Pzedentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycanlı alim elmi fəaliyyəti ilə yanaşı,  hər iki ölkənin ictimai-siyasi həyatında xidmətləri olan bir vətənpərvərdir.

Arif müəllim, Ukraynada nüfuzli ali təhsil müəssisəsinin professorusunuz. Gəlişiniz necə oldu bu təhsil ocağına?

Mən 1989-cu ildə Kiyevə hərbi kursa göndərilmişdim. Həmin vaxt otaq yoldaşım olan ukraynalı, Xarkov şəhərində yaşayan Yevgeni Kuşnarev, sonralar Ukrayna Prezidenti Administrasiyasının  rəhbəri idi. Mən 1997-ci ildə onun qonağı kimi Bakıya qayıdanda Azərbaycana rəsmi səfər edən Ukrayna baş nazirinin birinci müavininin təyyarəsi ilə yola salındım. Bizim səfir  ətrafımda bu cür hörmətli insanları  görüb məni Kiyevə dəvət etdi. Kiyevdə Ukrayna Prezidenti yanında Dövlət idarəçiliyi Milli Akademiyasında magistratura və aspiranturada oxudum və "Xalq" qəzetinin müxbiri oldum.  Təhsil aldığım dövrdə  bir professor mənə söhbət zamanı  Azərbaycanın geridə qalmış və anti-demokratik ölkə olduğunu dedi. Mən soruşdum ki, siz Azərbaycanda olmusunuz? O, cavabında yox dedi və məndən Azərbaycan haqqında bu fikirlərin təkzib olunması üçün arqumentlər tələb etdi. Mən Azərbaycanla bağlı hazırladığım  materialları həmin professora verdim. O, isə bir həftə sonra mənə bildirdi: "Siz məni millilik baxımından tərbiyə etdiniz. Sonra həmin materillar məqalə şəklində   Ukraynanın "Politika və Kultura" jurnalında çap olundu.  Məqaləm 2000-ci ilin 5-11 sentyabr  nömrəsində "Millətin atası, yaxud  Azərbaycan xalqı respublikanın xilası üçün məsuliyyəti öz üzərinə götürməkdən ötrü Heydər Əliyevə niyə müraciət etdi?"  başlığı ilə işıq üzü gördü.   Məqaləm Bakıya göndərildi. Şəxsən ümummilli lider Heydər Əliyevə bu jurnalı və digər jurnallardakı məqalələrimi 2001-ci ilin iyulunda GUAM sammitində təqdim edəndə (ulu öndər məni çox əvvəllər tanıyırdı) o vaxtki xarici işlər nazirinə  mənə diplomatiya sahəsində işləməyə köməklik  göstərilməsini tövsiyə etdi. Bir müddət Ukraynadakı Azərbaycan Səfirliyində diplomat oldum. Vaxtım qurtaranda artıq elmi dərəcəm var idi, uşaqlarım təhsil aldığına görə  Kiyevdə qalmalı oldum. Sonra diplomatik fəaliyyətimi  elmi fəaliyyətlə əvəz etdim.

 
 
Bir neçə ali təhsiliniz var.  Elmə, təhsilə çox böyük maraq göstərmisiniz.

Bəli, mən namizədlik dissertasiyamı müdafiə edib,  2005-ci ildə Dövlət İdarəçiliyi elmlər namizədi olmuşam.  Azərbaycanda bu ixtisas olmadığından mənə 2006-cı ildə Hüquq elmləri namizədi  elmi adı verilib.

Çox maraqlı və gərəkli mövzuda doktorluq dissertasiyası müdafiə etmisiniz. "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu:  Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli -hüquqi təhlili" haqqında dissertasiya müdafiə etmisiniz. Elmi fəaliyyətinizlə bağlı danışardınız. 

Bu mövzunu götürəndə elmi məsləhətçim dedi ki, səni bu mövzu ilə bağlı  birmənalı şəkildə  dəstəkləyə  bilmərəm. Bunun üçün Azərbaycana gedib bəzi faktları şəxsən özüm görməliyəm. Yaxın dostların dəstəyi ilə Bakıya rəsmi dəvət olunduq. İlk gəzintimiz Şəhidlər Xiyabanı, qaçqın ailəsi ilə tanışlıq, Prezident Administrasiyası və  Milli Məclisdə olduq. Milli Aviasiya Akademiyasında, Milli Təhlükəzislik Akademiyasında, Bakı Dövlət Universitetində görüşlər keçirdik. İctimai Televiziyada çıxış etdik, "Bakinskiy raboçiy" qəzetinə müsahibə verdik, Qubaya gedib 1918-ci il soyqırımı abidələri ilə tanış olduq.

Kiyevə qayıdanda elmi məsləhətçim hüquq elmləri doktoru, professor, general- mayor  Vladimir Antipenko bildirdi ki, sənin vətənpərvərliyini  hər yerdə  dəstəkləyəcəm. Terrorizmlə, Ukrayna və Azərbaycanın elmi, ictimai-siyasi həyatı, diplomatik əlaqələrinə həsr olunmuş 200-dən çox elmi  məqalənin müəllifiyəm. Elmi əsərlərimin toplusu "Ukrayna - Azərbaycan əməkdaşlığı: Hüquq,  Siyasət, Diplomatiya" adlı kitabımda 3 cilddə çap olunub....

Elmi və ictimai fəaliyyətiniz  diqqətdən kənarda qalmayıb.  Ukrayna rəhbərliyi və ictimaiyyəti sizi müxtəlif  mükafatlara layiq görüblər. Bu haqda nə deyərdiniz?

2012-ci ilin mart ayında "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu:  Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli hüquqi təhlili" monoqrafiyam  çap olunduqdan sonra onu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna göndərmişdim. Cənab səfirin Ukrayna Təhsil Nazirinə və işlədiyim Universitetin rəhbərliyinə xüsusi diqqət ifadə olunan məktub göndərdi. Ukrayna hökuməti mənim elmi fəaliyyətimi nəzərə alaraq, mənə Ukrayna müstəqilliyinin ildönümü şərəfinə 2013-cü ilin avqust ayının 24-də Ukrayna Prezidentinin Fərmanı ilə "Ukraynanın Əməkdar təhsil işçisi" adı  verdi.  2016-cı ildə Azərbaycan Respublikası Pzedentinin sərəncamı ilə "Tərəqqi",  bu günlərdə  isə "Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi" medalı ilə təltif olunmuşam.

Ümumiyyətlə, Ukraynanın əcnəbi gəncləri cəlb etdikləri ali təhsil ocaqlarının səviyyəsi qənaətbəxşdirmi, yoxsa bu universitet və institutlar daha çox maddi tərəfi əsas götürürlər?

Maddi tərəf maraq doğurur, amma oxuyan tələbələr diqqəti cəlb edir. Ötən il bir azərbaycanlı test imtahanı verərkən  kafedra müdiri  məni tapıb onunla görüşməyi xahiş etdi. Gəldim, mənə bir soydaşımızın test cavablarını təqdim etdi və dedi ki, bu tələbə azərbaycanlıdır... Görüşüb şəxsən tanış oldum, fəxr etdim ki, belə bir soydaşım var. Daha bir azərbaycanlının şəklini xarici tələbələrin şərəf lövhəsində gördüm.  Tez tələbəni tapıb,  dekanı dəvət etdim  və son 10 ildə əldə olunan uğurlarımızdan danışdıq və xatirə   şəkli çəkdirdik.

Ukraynada sayılıb-seçilən, həqiqətən təhsili yüksək səviyyədə olan hansı ali məktəblərin adını çəkərdiniz?

Bizim soydaşlarımız T.Şevçenko adına Kiyev Milli Universitetinə, A.Boqomolts adına Kiyev Milli Tibb Universitetinə, Milli Aviasiya Universitetinə və bir çox özəl ali təhsil müəsissələrinə daha çox diqqət yetirirlər. Təəssüf olsun ki,   özəl ali təhsil müəsissələrində təhsil alanların elmi səviyyəsi haqqında birmənalı şəkildə  danışmaq mümkün deyil.

Hər iki ölkənin təhsil sistemində oxşar və fərqli cəhətlər, müsbət və mənfi tərəfləri barədə fikirlərinizi bilmək istərdik. Çünki hər iki ölkə vaxtilə sovet rejimi altında olub.

İndi təhsil müəssisələrindəki yekdillikdən söhbət açmaq düzgün olmazdı. Bəzən adi Kiril əlifbasını bilməyənlərin təhsil almağa gəlməsinə rast gəlinir. Hesab edirəm ki,  Azərbaycanda ali təhsil müəssisələrinə  qəbul şərtləri daha çox nəzəri cəlb edir.

Arif müəllim, Ukrayna mətbuatında sizin Qarabağ həqiqətləri ilə bağlı müxtəlif məqalələriniz çap olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Ukrayna ictimaiyyətinin münasibəti necədir?

Açıq etiraf etməliyəm ki, mən vaxı ilə terrorizmlə bağlı məqalələr çap etmək istəyəndə  həm müxtəlif maneələr, həm də rəğbət dolu fikirlərlə qarşılaşmışam. Hətta məqaləmdəm Ermənistanın adının  çıxarılması, bunun müqabilində  mənə xüsusi diqqət  göstərəcəkləri təklif olunub.  Dəfələrlə məqalələrimin adının dəyişdirilməsi tövsiyə olunub,  amma mən bu fikirlərlə razılaşmamışam. Ətrafımda olan səlahiyyətli dostlarımın dəstəyilə istəklərimi həyata keçirmişəm.

Ukrayna Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini  son illər  Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsindən  sonra daha  dərindən dərk etdi. Onu da qeyd etməliyəm ki, Ukrayna və Azərbaycan prezidenləri  olmuş  Leonid Kuçma və Heydər Əliyev  dostluğunun gücü ilə keçən əsrin son  10 ili ərzində  qarşılıqlı  əməkdaşlıq  nəticəsində  xeyli müsbət hadisələr  baş verib.

Çalışdığınız    Ukrayna Milli Aviasiya Universitetində  azərbaycanlı tələbələr varmı?

Bəli,  Universitetdə  15  azərbaycanlı tələbə əyani, 68 tələbə  isə qiyabi  şöbədə  təhsil alır.

Arif müəllim, bir qədər də ailə üzvləriniz, övladlarınız haqqında danışardınız.

Həyat yoldaşım Səfayə Naibova bir neçə məktəbdə yaradılmış "Azərbaycan dili və mədəniyyəti" fənnindən fakültətiv siniflərdə dərs deyir.  2 oğlum və 1 qızım, 3 nəvəm var.//Olaylar.az

Müsahibəni qələmə aldı: Aynur Nadir qızı