Məntiq olimpiadasının qalibləri müəyyənləşib
Lütfi Zadə adına məktəblilərarası IV məntiq olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, olimpiadanın final mərhələsində 1577 məktəbli iştirak edib. Onlardan 44 məktəbli 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olub. Məktəblilərdən 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub. Finalda iştirak edən şagirdlərdən 349-u isə 12 baldan 17 baladək toplayaraq fəal iştirakçı sertifikatına layiq görülüb.
V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində onlara bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat 30 dəqiqə vaxt verilib.
Olimpiada qalibləri BŞTİ tərəfindən medal, diplom, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiada və digər bu kimi bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.

