“Günay Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi barədə məlumat

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3 (103)-42/2023 nömrəli, cari ilin 18 may tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü mayın 18-də müəyyən edilmişdi. Kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC vasitəsilə iyunun 19-dan başlayaraq həyata keçiriləcək. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Fonddan Yerveinsan.az-a bildirilib ki, qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildirilir ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 19-dan etibarən "Bank Respublika" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.gov.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Bank Respublika" ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından - www.adif.gov.az əldə edə bilərsiniz.