Bakı-Tbilisi təyyarəsi geri qayıdıb

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yerveinsan.az-a verilən məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.

Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.