Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna daxil olan vəsaitin həcmi 8 dəfəyə yaxın artıb

Dağ-mədən sahəsində azad rəqabət mühitinin formalaşdırılması məqsədilə 2021-ci ildən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi ilə birlikdə yer təki sahələrinin hərrac vasitəsilə istifadəyə verilməsinə başlanılıb.

 Bunu iyulun 7-də keçirilən mətbuat konfransında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.

Bildirib ki, ölkə ərazisində yerin təki sahələrinin istifadəyə verilməsi ilə əlaqədar 2021-ci ildə 84 yataq, 2022-ci il ərzində 92 yataq sahəsi, 2023-cü ilin 6 ayı ərzində isə 64 yataq sahəsi üzrə hərrac təşkil edilib. Keçirilmiş hərraclar barəsində elanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Agentliyin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Nəticədə 2021-ci ildə 666,4 min manat, 2022-ci il ərzində 4.9 milyon manat, 2023-cü ilin 6 ayı ərzində isə 1.2 milyon manat gəlir hərrac vasitəsilə daxil vəsait Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna daxil olub.

"Dağ-mədən sahəsində aparılan islahatlar, bu sahədə nəzarət, uçot və hesabatlılığın təmini, həmçinin hərracların təşkili nəticəsində Fondun hesabına daxil olan vəsaitin həcmi 2021-ci ilə qədərki dövrə münasibətdə 8 dəfəyə yaxın artıb", - deyə İdarə Heyətinin sədri vurğulayıb.//AZƏRTAC