"AzGeo" MMC mötəbər beynəlxalq tədbirin sponsuru oldu - Foto

Xəbər verdiyimiz kimi, Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu başa çatıb.

Yerveinsan.az bildirir ki, Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında niyyət protokolu imzalanıb. Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edib.

Qeyd edək ki, bu mötəbər tədbirin sponsurlarından biri “Azərbaycan Geologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“Azərbaycan Geologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü ildə təsis edilmişdir. Cəmiyyətin ilk fəaliyyəti “Yer və insan” adlı jurnalın təsis olunması ilə başlanmışdır. Bu mətbu orqanın yaradılmasında məqsəd ölkəmizin mineral-xammal ehtiyatlarından səmərəli istifadə olunması, yerin təki sərvətlərinin sistemli öyrənilməsi və ümumilikdə yer elmləri barədə elmi-populyar yazılar hazırlamaq və çap etdirmək olmuşdur. Artıq 10 ildən çoxdur ki, bu missiya uğurla həyata keçirilir. Jurnalın səhifələrində Azərbaycanda və bir çox ölkələrdə tanınmış alim və mütəxəssislərin dağ-mədən sənayesinin inkişaf etdirilməsi ilə bağlı elmi-populyar yazıları və tövsiyələri işıq üzü görür.