Prezident seçkilərinin növbəti nəticələri açıqlandı: İlham Əliyev 92,05% səslə liderdir

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.